
Prezident İlham Əliyevin 2025-ci il dekabrın 8–9-da Slovakiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi yadda qaldı. Bratislava hava limanında yüksək səviyyəli dövlət protokolu ilə qarşılanan Azərbaycan Prezidenti Slovakiya rəhbərliyinin ölkəmizə verdiyi önəmi bir daha hiss etdirdi. Qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pellegrini ilə görüşü baş tutdu. Danışıqlarda ikitərəfli münasibətlərin mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri, siyasi dialoqun gücləndirilməsi və qarşılıqlı maraq doğuran regional məsələlər geniş şəkildə müzakirə olundu.
Görüşdə hər iki tərəf Azərbaycan və Slovakiya arasında son illər ərzində inkişaf edən münasibətləri müsbət qiymətləndirdiklərini bildirdilər. Enerji təhlükəsizliyi, iqtisadiyyat, nəqliyyat və ticarət sahələri əməkdaşlığın prioritet istiqamətləri kimi ön plana çıxdı. Azərbaycan Prezidentinin Avropanın enerji təchizatında ölkəmizin rolunu vurğulaması, Slovakiyanın isə bu sahədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirməsi danışıqların mühüm məqamlarından biri oldu. Xüsusilə bərpa olunan enerji, qaz təchizatı, elektrik ötürülməsi və yaşıl enerji layihələrinə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev səfər çərçivəsində Slovakiya Baş naziri Robert Fico ilə də görüşdü. Görüş zamanı siyasi münasibətlərin inkişafı, regionda təhlükəsizlik məsələləri, Avropa İttifaqı ilə əlaqələr və nəqliyyat-logistika sahələrində əməkdaşlıq geniş şəkildə müzakirə edildi. Slovakiya tərəfi Azərbaycanla əməkdaşlığı yalnız enerji sahəsində deyil, həm də iqtisadiyyatın müxtəlif sektorlarında genişləndirmək istədiyini bildirdi.
Slovakiya Milli Şurasının sədri Riçar Raşi ilə keçirilən görüş isə parlamentlərarası əlaqələrin gücləndirilməsi baxımından önəmli idi. Hər iki tərəf qanunverici orqanlar arasında əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi, dostluq qruplarının aktivləşdirilməsi və hüquqi baza üzərində birgə işin vacibliyini qeyd etdi.
Səfər yalnız siyasi danışıqlarla məhdudlaşmadı, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müzakirəsi ilə yadda qaldı. Ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin həyata keçirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində birgə təşəbbüslərin dəstəklənməsi tərəflərin diqqətində olan əsas məsələlərdən idi. Azərbaycan və Slovakiya arasında iqtisadi münasibətlərin daha fəal mərhələyə keçməsi üçün işçi qruplarının yaradılması və konkret layihələrin hazırlanması barədə razılıq əldə olundu.
Səfərin sonunda həm Azərbaycan, həm də Slovakiya rəhbərliyi səfərin uğurlu keçdiyini və münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfərə dəvət edilməsi iki ölkə arasında siyasi dialoqun davamlı olacağını və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərir.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı siyasi etimadın artırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər həm siyasi təmasların intensivliyini artırdı, həm də Azərbaycan-Slovakiya münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar yaratdı.
Ələkbərova Nazlı,
YAP-ın gənc fəalı



