
Son illər Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və davamlı inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi formalaşmışdır. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfələr vermişdir.
Son 20 il ərzində Azərbaycanın enerji sistemi demək olar ki, tamamilə yenilənmişdir. Generasiya gücləri, iri yarımstansiyalar və ötürücü xətlər müasir tələblərə uyğun şəkildə qurulmuş, köhnə infrastrukturlar mərhələli şəkildə əvəz olunmuşdur.
Bu dövr ərzində yaradılmış yeni generasiya gücləri əvvəlki bütün illərlə müqayisədə təxminən üç dəfə artmışdır. Hazırda ölkənin ümumi generasiya gücü təxminən 10 min meqavata çatmışdır ki, bu da Azərbaycanın enerji tarixində rekord göstərici hesab olunur.Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Məhz bu yanaşma nəticəsində Azərbaycan bu gün daxili enerji tələbatını tam şəkildə təmin edən, eyni zamanda elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişdir. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələri hesabına yeni generasiya güclərinin yaradılması bu göstəricilərin daha da artacağını deməyə əsas verir. Bu isə həm artan daxili tələbatın ödənilməsinə, həm də ixrac həcmlərinin genişlənməsinə şərait yaradacaqdır.
Enerji siyasətində balanslı yanaşma Azərbaycanın əsas üstünlüklərindən biridir. Keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışı zamanı Prezident İlham Əliyev bir daha bəyan etmişdir ki, ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı strateji zərurətdir. Mingəçevirdə istismara verilmiş yeni ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavat təşkil edir. Bu stansiya ölkənin enerji təminatında mühüm rol oynayaraq Azərbaycanı enerji təhlükəsizliyi baxımından daha da güclü mövqeyə çıxarmışdır.Eyni zamanda bərpaolunan enerji sahəsində də ciddi irəliləyişlər əldə olunmuşdur. Yaxın vaxtlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istifadəyə verilmiş, hazırda isə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi davam etdirilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələri strateji və simvolik əhəmiyyət daşıyır. Cəbrayıl rayonunda inşa edilən üç Günəş elektrik stansiyasının ümumi potensialı 340 meqavat təşkil edir ki, bu da həmin bölgələrin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində atılan mühüm addımdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasəti Azərbaycanın iqtisadi dayanıqlığını möhkəmləndirmiş, ölkəni regional enerji mərkəzinə çevirmişdir. Müasir, güclü və şaxələndirilmiş enerji sistemi Azərbaycanın gələcək inkişafı üçün etibarlı təməl rolunu oynayır və uzunmüddətli perspektivdə ölkənin strateji maraqlarına tam cavab verir.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



