
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.
İcxeberinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.
Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.
Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.
Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı.
Doğma yurduna qayıtmasından sonsuz qürur duyduğunu bildirən Kəmalə Dadaşova Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Kəmalə Dadaşovanı yeni evinə köçməsi münasibətilə bir daha təbrik etdi.










