
Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Azərbaycan Respublikasının ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və məsələnin həllində qardaş Pakistanın yanında olduğunu dəfələrlə bəyan etmişdir. Dövlət başçısı bildirib ki, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir: “Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik”.
Pakistan Azərbaycana yaxın müttəfiq ölkələrdən biridir və Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi və Azərbaycana dəstək nümayiş etdirdi və yanımızda olduqlarını sərgilədilər. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Belə ki, Pakistan Senatında ötən ilin oktyabrında Kabinet Katibliyi üzrə Daimi Komitəsi tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və Azərbaycana dəstək ifadə edən qətnamənin yekdilliklə qəbul edilməsi və s. möhkəm dostluğun əsl nümunəsidir. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.
Sahil Əliyev,
YAP-ın gənc fəalı