AnalitikaGündəmMədəniyyət

Novruz bayramı həm bəşəri, həm də milli-mənəvi dəyərlərin daşıyıcısı kimi xalqımız üçün müqəddəsdir

Novruz bayramı özündə həm bəşəri, həm də milli-mənəvi dəyərləri ehtiva edən qədim ənənələrdən biridir. Min illərdir ki, Novruz Azərbaycan xalqının həyatında mühüm yer tutur və onun mədəni kimliyinin ayrılmaz hissəsi hesab olunur. Bu bayramın mahiyyəti yalnız təbiətin yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda insanları barışa, birliyə və xeyirxahlığa səsləyir. Novruzun əsas dəyərlərindən biri yeni başlanğıc, saflaşma və yenilənmədir. Baharın gəlişi ilə insanlar yalnız təbiətin deyil, öz mənəviyyatlarının da təmizlənməsinə, kin və nifrətdən uzaqlaşmağa çalışırlar. Bu isə Novruzun dərin fəlsəfi mahiyyətini əks etdirir və onun bəşəriyyət üçün önəmini daha da artırır.

Azərbaycanın təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bundan əlavə, BMT Baş Assambleyası 21 martı rəsmi olaraq “Beynəlxalq Novruz Günü” elan edib. Bu prosesdə Azərbaycanın diplomatik səyləri, xüsusilə Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla əməkdaşlıq strategiyası mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Novruz bayramını yalnız milli səviyyədə deyil, beynəlxalq səviyyədə də qeyd edir.

Azərbaycanın diplomatik və mədəni əlaqələri çərçivəsində Novruzun tanıdılması geniş miqyasda aparılır. Hər il müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və səfirliklərdə Novruz tədbirləri keçirilir. Bu tədbirlər çərçivəsində bayrama aid ənənələr, milli musiqi və mətbəx nümunələri təqdim olunur. Belə təşəbbüslər Azərbaycanın zəngin mədəni irsini tanıtmaqla yanaşı, digər xalqlarla qarşılıqlı mədəni əlaqələrin möhkəmlənməsinə də töhfə verir. Eyni zamanda, Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması Azərbaycan xalqının tarixi və mədəni irsinin dünya miqyasında təbliğinə imkan yaradır. Qarabağın işğaldan azad edilməsindən sonra Şuşa və digər azad olunmuş bölgələrdə keçirilən Novruz tədbirləri bu bayramın yeni mərhələdə qeyd edilməsinə şərait yaradır. Bu tədbirlər Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı və onun qədim ənənələrini beynəlxalq səviyyədə tanıtmaq üçün xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, Novruz bayramı həm bəşəri, həm də milli-mənəvi dəyərlərin daşıyıcısı kimi xalqımız üçün müqəddəsdir. O, azadlığın, birlik və həmrəyliyin, milli ruhun simvoludur. Azərbaycan xalqı bu bayramı qeyd etməklə öz tarixinə, mədəniyyətinə və gələcəyinə olan sədaqətini bir daha nümayiş etdirir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button