
Azərbaycan xalqının tarixində müstəqillik və suverenlik ideyası hər zaman müqəddəs dəyər olub. Qədim dövlətçilik ənənələrinə malik xalqımız əsrlər boyu azadlıq uğrunda mübarizə aparıb, müstəqil yaşamaq istəyini qoruyub saxlayıb. Bu yolun ən mühüm zirvələrindən biri də 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlıdır. Bu gün sadəcə bir tarixi hadisənin xatırlanması deyil, həm də milli yaddaşın, xalqımızın mübarizə ruhunun yenidən canlandırılmasıdır.
XX əsrin sonlarında dünya siyasi xəritəsi dəyişirdi. Sovet imperiyası dağılır, xalqlar öz taleyini müəyyən etmək üçün ayağa qalxırdı. Azərbaycan xalqı da bu prosesin önündə gedirdi. Uzun illər boyu milli kimliyi sıxışdırılan, azad düşüncəsi məhdudlaşdırılan xalqımız artıq öz sözünü deməyə hazır idi. 20 Sentyabr məhz həmin dönüş nöqtəsini ifadə edir – dövlətin öz iradəsini ortaya qoyması, xalqın müstəqilliyə can atmasının rəsmi simvoludur.
Suverenlik təkcə hüquqi-siyasi termin deyil. O, xalqın öz taleyinə sahib çıxması, milli dəyərlərinə və torpağına yiyə durmasıdır. Bu anlayış hər bir azərbaycanlının qəlbində yaşayan azadlıq eşqinin ifadəsidir. Dövlət suverenliyi həmçinin müstəqil qərar qəbul etmək, gələcəyini kənar güclərin təsirindən azad şəkildə müəyyənləşdirmək deməkdir.
Azərbaycan suverenlik uğrunda mübarizədə çox ağır sınaqlardan keçib. 20 Yanvar faciəsi, Qarabağ müharibəsi, torpaqlarımızın işğalı xalqımızın iradəsini sınamaq məqsədi daşıyırdı. Amma Azərbaycan xalqı bu sınaqlara tab gətirdi, müstəqillik yolundan dönmədi. Şəhidlərimizin qanı bahasına əldə etdiyimiz suverenlik bu gün ən böyük milli sərvətimizdir.
20 Sentyabr bizə yalnız keçmişi xatırlatmır, həm də gələcək üçün məsuliyyətimizi artırır. Bu gün biz bir daha anlayırıq ki, suverenliyi qorumaq yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur. Dövlətçiliyi möhkəmləndirmək, milli birliyi gücləndirmək, gənc nəsillərə azadlıq ruhunu aşılamaq hər birimizin vəzifəsidir.
Müstəqil Azərbaycan bu gün güclü orduya, sabit iqtisadiyyata və dünyada söz sahibinə çevrilib. Bütün bunların əsasında dövlət suverenliyi dayanır. Əgər bu dəyər qorunmasa, heç bir nailiyyətin əhəmiyyəti olmaz. Ona görə də, 20 Sentyabr bizə daim xatırladır ki, müstəqillik verilmir – qazanılır və qorunur.
20 Sentyabr Azərbaycan xalqının qürur səhifəsidir. Bu gün biz həm tariximizi yad edir, həm də gələcəyimizə daha böyük inamla baxırıq. Suverenlik bizim milli iradəmizin, azadlıq eşqimizin və dövlətçilik ənənəmizin ən uca ifadəsidir.
Rəna Süleymanlı
Yeni Azərbaycan Partiyası məsləhətçi