
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyi (UzA) ilə müsahibəsi iki ölkə arasında münasibətlərin mahiyyətini və gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu. Müsahibə həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahələrdə əməkdaşlığın nə qədər geniş və çoxşaxəli olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistan münasibətlərinin yalnız diplomatik çərçivə ilə məhdudlaşmadığını, onları tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğuladı. O, Özbəkistanı Azərbaycanın “qardaş ölkə və etibarlı müttəfiqi” kimi dəyərləndirərək qeyd etdi ki, bu yaxınlıq dövlətlərarası münasibətlərin bütün sahələrinə öz təsirini göstərir. Son illərdə imzalanmış sənədlər və aparılan yüksək səviyyəli görüşlər də məhz bu strateji münasibətlərin möhkəmlənməsinin bariz nümunəsidir. Prezident Əliyev regiondakı proseslərə toxunaraq qeyd etdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri tarixi və coğrafi bağlılıq səbəbi ilə vahid məkanın təbii tərəfdaşlarıdırlar.
Bu baxımdan, Özbəkistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü əməkdaşlığın yeni mərhələsinə təkan verəcək mühüm platformalardan biri kimi qiymətləndirildi. Xüsusilə, Orta Dəhlizin — Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat marşrutunun — əhəmiyyəti vurğulandı. Azərbaycan bu dəhlizin əsas tranzit ölkəsi kimi həm logistik imkanlarını genişləndirir, həm də regionun iqtisadi inteqrasiyasına əhəmiyyətli töhfə verir. Müsahibədə iki ölkə arasında iqtisadi əməkdaşlığın dinamik inkişafı xüsusi qeyd olundu. Son illərdə ticarət dövriyyəsində müşahidə edilən ciddi artım və qarşılıqlı sərmayə layihələri iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması, sənaye və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin təşkili bu istiqamətdə atılan mühüm addımlardandır. Xankəndidə Özbəkistanın dəstəyi ilə tikilən tikiş fabriki və Füzulidə inşa edilən Mirzə Uluqbəy adına məktəb həm iqtisadi, həm də humanitar ölçülər daşımaqla bərabər, dostluğun rəmzi kimi dəyərləndirilir.
Prezident Əliyev enerji sahəsində əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirdi. SOCAR-ın Özbəkistan bazarında fəaliyyəti, neft-kimya və enerji sahələrində yeni təşəbbüslər bu əməkdaşlığın genişlənməsinə xidmət edir. Bununla yanaşı, bərpa olunan enerji sahəsində planlaşdırılan layihələr həm iki ölkənin yaşıl enerji keçidinə uyğun gəlir, həm də regional enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Azərbaycanda sürətlə inkişaf edən logistika infrastrukturu Orta Dəhlizin effektiv fəaliyyətinin təmin edilməsində strateji rol oynayır. Müsahibədə mədəniyyət və humanitar sahədəki əməkdaşlıq da ətraflı qeyd edildi. Özbəkistan Mədəniyyəti Günləri, elmi-mədəni tədbirlər, qarşılıqlı səfərlər və şəhərlər arasında qardaşlaşma münasibətləri iki xalqı daha da yaxınlaşdıran amillər kimi dəyərləndirildi.
Şuşa-Xivə, Lənkəran-Buxara və digər bölgələr arasında qurulan əlaqələr mədəni mübadiləni canlandırmaqla yanaşı, turizmin və yerli təşəbbüslərin inkişafına yeni imkanlar yaradır. İdman sahəsində də əməkdaşlıq diqqət çəkir: Azərbaycan və Özbəkistanın 2027-ci ildə U-20 Dünya Çempionatına birgə ev sahibliyi etməsi bu münasibətlərin beynəlxalq arenada yeni uğurlara yol açdığını göstərir. Prezident Əliyev vurğuladı ki, iki ölkə təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, ECO və digər platformalarda Azərbaycan və Özbəkistanın vahid mövqedən çıxış etməsi regional həmrəyliyin güclənməsinə mühüm təsir göstərir. Müsahibədə həmçinin qeyd olundu ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər davamlı şəkildə inkişaf edəcək və qarşıdakı dövrdə yeni layihələr həyata keçiriləcək. Nəqliyyat, enerji, sərmayə, mədəniyyət və humanitar sahələrdə genişlənən əməkdaşlıq iki ölkənin strateji müttəfiqliyinin möhkəm təməl üzərində formalaşdığını sübut edir.
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,
məsləhətçi



