Laçınlıların doğma yurdlarına qayıdışının Müstəqillik Günündə baş verməsinin rəmzi mənası var
“Məlum olduğu kimi, 28 May – Müstəqillik Günündə Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. İlk 20 ailə artıq Laçında yerləşib və ümumilikdə birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq. Heç şübhəsiz ki, laçınlıların doğma yurdlarına qayıdışının Müstəqillik Günündə baş verməsinin rəmzi mənası var”.
Bunu “İcxeberinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, 1992-ci ildə Şuşadan 10 gün sonra Laçın rayonunun da işğal altına düşməsi Azərbaycan xalqı üçün böyük faciə idi: “Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını düşmənə təhvil verdi. Lakin ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Məhz bundan sonra Azərbaycan sabitlik məkanı və dünyada nümunəvi ölkə kimi özünü təsdiqlədi. 28 il sonra isə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məğlub edildi”.
“İşğaldan azad olunmuş Laçın şəhərinin Baş planı artıq hazırlanıb və bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Laçın şəhərinin müasir siması qurulur, eləcə də Aqro və Sənaye Parkı, 1100-dən çox iş yeri yaradılır. Bir sözlə, bu gün müstəqil Azərbaycan dövləti bu işləri həyata keçirməklə bir daha isbatlayır ki, istənilən nəticəni əldə etməyə qadirdir.