AnalitikaGündəmSiyasət

Kiçik Səylərlə Böyük Sabah

Yeni Azərbaycan Partiyasının növbəti ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Bu gün artıq YAP təkcə bir siyasi təşkilat deyil, ölkəmizin müasir inkişaf xəttini müəyyən edən, dövlət idarəçiliyi mədəniyyətinə keyfiyyətcə yeni məzmun gətirən bir məktəbə çevrilib. Bu məktəbin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuş, bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Yeni Azərbaycan Partiyasının illər ərzində keçdiyi yol göstərir ki, düzgün siyasi xətt, dövlətə sədaqət və xalq amili hər zaman uğurun əsas şərtləri olub. Bu gün ölkəmiz regional və qlobal səviyyədə söz sahibi kimi tanınırsa, bu, məhz YAP-ın düşünülmüş siyasətinin nəticəsidir. Hər bir addımda sabitlik, inkişafa yönəlik strategiya və sosial rifaha xidmət edən qərarlar dayanır.

Azərbaycanın müasir inkişaf mərhələsində YAP-ın rolunu xüsusilə vurğulamaq lazımdır. İslahatlar, modernləşmə, sosial proqramlar, iqtisadi yüksəliş – bütün bunların mərkəzində Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır və biz yapçılar bu kursun icrasında fəal iştirak etməyi özümüzə şərəf bilirik. Çünki bu siyasət ölkənin gələcəyini müəyyənləşdirən yol xəritəsidir.

YAP-ın təsis gününü qeyd etmək həm də partiya daxilində həmrəyliyin, ideoloji birliyin, ölkəmizə xidmət istəyinin diriliyi deməkdir. Gənclərin partiyaya marağı, yerli təşkilatların fəallığı və geniş xalq dəstəyi göstərir ki, YAP yalnız keçmişdə deyil, həm də gələcəkdə Azərbaycan siyasətinin aparıcı qüvvəsi olaraq qalacaq.

Bu əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyasının üzvü kimi xüsusi bir məsuliyyət hissi duyuram. Çünki YAP-da olmaq, ilk növbədə, ölkəmizin inkişafına kiçik də olsa töhfə vermək istəyindən qaynaqlanır. Mən də bu böyük yolun iştirakçılarından biri kimi, gördüyüm işi sadəcə öz payım qədər — sakit, təvazökar, amma səmimi niyyətlə yerinə yetirməyə çalışıram. İnanıram ki, hər birimizin bu kiçik səyləri birlikdə Azərbaycanın sabahını daha da möhkəmləndirir. Bu yolda çalışmaq sadəcə olaraq hər birimizin ölkəsinə olan borcunun təbii bir davamıdır.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button