AnalitikaGündəm

Kəlbəcər Qarabağın səfalı guşələrindəndir

Azərbaycan xalqı 30 il idi ki, işğal altında olan torpaqlarımızın azad olmağını səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonunun  2020-ci il 25 noyabr tarixində işğaldan azad olunduğu gün dövlətimiz və xalqımız üçün əlamətdar hadisədir.  Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan noyabrın 25-də  Kəlbəcər rayonunu siyasi yolla geri qaytardı. Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq  Kəlbəcər bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Ərazi baxımından ölkəmizin böyük rayonlarından biri olan Kəlbəcərdə sənaye əhəmiyyətli  qızıl, civə, tuf, gil, perlit,  üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, listvenit yataqları var. Kəlbəcərdə həmçinin Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da  yerləşir.               

Ermənistan işğal olunmuş ərazilərimizdə ekologiyaya ziyan vurmuş, mülki obyektlərin dağıdılmasını həyata keçirmişdir. Ermənilər Kəlbəcəri boşaltdığı zaman eybəcər simalarını, barbarlıqlarını və erməni vandalizmini növbəti dəfə  nümayiş etdirdi. Kəlbəcərdən qaçan ermənilər  rüsvayçı hərəkətləri və barbar davranışları ilə  evlərə, bağlara od vuraraq vəhşi, dağıdıcı xislətlərini bütün dünyaya nümayiş etdirdilər.                                                                                      

Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiəti, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi yay və qış turizminin inkişafı üçün böyük potensiala malikdir. Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.

Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgəmiz üçün yeni perspektivlər vəd edir. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək üçün əzmlə çalışır. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, uğurlu daxili və xarici siyasətidir ki, bu gün Azərbaycan regionun güclü dövlətidir. İşğaldan azad edilən ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə aparılması ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycan zəfər çalmış ölkə olaraq işğaldan azad edilmiş torpaqlarını qısa zaman içində cənnətə çevirəcək.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button