IV Şuşa Qlobal Media Forumu: Sülhün təşviqində medianın rolu

İyulun 13-də Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək Forum iştirakçılarının suallarını cavablandırıb.
Artıq beynəlxalq əhəmiyyət kəsb edən Forumda bu il 53 ölkədən 160 nümayəndə, 30 xəbər agentliyi, 60-dan çox media qurumu, həmçinin 10 beynəlxalq təşkilat və təsisat təmsil olunub. Forumun əsas məqsədi media nümayəndələri arasında fikir mübadiləsini təşviq etmək, qlobal informasiya mühitində qarşılıqlı etimadın möhkəmləndirilməsi və iştirakçıların Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Qarabağ və Şuşada həyata keçirilən yenidənqurma layihələri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və müasir infrastrukturun qurulması Azərbaycanın inkişaf siyasətinin mühüm nəticələrindəndir.
Dövlət başçısı, həmçinin Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sahəsində artan roluna diqqət çəkərək bildirib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Xəzər dənizində ən iri ticarət limanına malik olan Azərbaycanın liman imkanları 15 milyon tondan 25 milyon tona qədər artırılır, gəmiqayırma zavodunda isə yeni yük gəmilərinin inşası davam etdirilir.
Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ölkəmiz təkcə etibarlı enerji tərəfdaşı deyil, həm də Avrasiyanın mühüm logistika və kommunikasiya mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə inkişaf edən əməkdaşlıq bu istiqamətdə ölkəmizin strateji əhəmiyyətini artırır.
Ramil Babayev ,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi



