AnalitikaDünyaGündəmSiyasət

İtaliya bu gün Avropa İttifaqı ailəsində Azərbaycanın təkcə ən böyük ticarət tərəfdaşı deyil, həm də milli maraqlarımızın müdafiəsində çıxış edən ən sadiq strateji müttəfiqlərindən biridir

Ciorcia Meloninin ölkəmizə səfəri mövcud səviyyənin sadəcə təsdiqi deyil, əməkdaşlığın daha kompleks modelə keçidinin nümayişidir. Əsas istiqamət olaraq enerji sahəsi qalmaqdadır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Azərbaycan isə İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır, neft və qaz təchizatında aparıcı yerlərdən birini tutur. Avropaya ixrac olunan qazın əhəmiyyətli hissəsinin məhz İtaliya istiqamətindən keçməsi Romanı strateji enerji qovşağına çevirir. Bu baxımdan, TAP layihəsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu kəmərin ötürmə qabiliyyətinin artırılması artıq yalnız iqtisadi məsələ deyil, Avropanın uzunmüddətli enerji arxitekturasının tərkib hissəsidir. İtaliya üçün Azərbaycan etibarlı təchizatçı, Azərbaycan üçün isə İtaliya Avropa bazarına əsas çıxış nöqtəsidir. İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulub: “Bu tarixdən etibarən tərəflər arasında siyasi dialoq intensiv xarakter alıb və qarşılıqlı səfərlər vasitəsilə əlaqələr daha da genişlənib. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyinin açılması diplomatik münasibətlərin institusional əsaslarını gücləndirib. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və texniki sahələri əhatə edən yeddi mühüm saziş imzalanmışdı, bu da gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişdi. Bu səfərdən sonra qarşılıqlı əlaqələrimiz dinamik şəkildə inkişaf edərək müxtəlif sahələrdə yeni təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdı. Sonrakı illərdə dövlət və hökumət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil olunub, bu da tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana etdiyi dövlət səfəri və ardınca Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya səfəri əlaqələrin yeni mərhələyə keçməsində mühüm rol oynadı. Xüsusilə 2020-ci ilin fevralın 20-də Romada imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəli siyasi sənədi kimi çıxış edərək gələcək əməkdaşlıq üçün geniş və aydın yol xəritəsi müəyyənləşdirdi. Bu sənəd müxtəlif sahələrdə əlaqələrin sistemli və davamlı inkişafını təmin edən mühüm mexanizm rolunu oynayır. Hesab edirəm ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana ötəngünkü səfəri strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək və yeni mərhələyə qədəm qoyacaq. Bu səfər iki ölkə arasında siyasi dialoqun intensivliyini artırmaqla yanaşı, iqtisadi və humanitar sahələrdə də əməkdaşlıq perspektivlərini genişləndirəcək”. Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli və bərabərhüquqlu əlaqələrinin dərinləşməsində İtaliya ən fəal tərəfdaş olmaqla yanaşı, həm də Brüssel ilə Bakı arasında etibarlı bir körpü rolunu oynayır. Romanın rəsmi Bakının regional təşəbbüslərinə və Avropanın enerji arxitekturasındakı strateji roluna verdiyi prinsipial dəstək ölkəmizin Aİ məkanında iqtisadi və siyasi inteqrasiyasını daha da sürətləndirir. Ölkə rəhbərləri arasındakı səmimi və qarşılıqlı hörmətə söykənən dialoq bu il keçirilən Hökumətlərarası Komissiyanın iclasında da öz praktiki bəhrəsini verib. Bu iclasda qəbul edilən qərarlar təkcə mövcud ticarət dövriyyəsini artırmaqla kifayətlənməyib, həm də qeyri-neft sektoru, yaşıl enerji və yüksək texnologiyalar kimi sahələrdə yeni investisiya imkanları üçün konkret yol xəritəsini müəyyən edib. Beləliklə, İtaliya ilə qurulan bu institusional əməkdaşlıq Azərbaycanın Avropanın iqtisadi sisteminə daha dərindən nüfuz etməsi üçün strateji bir platforma funksiyasını yerinə yetirir.

İtaliya bu gün Avropa İttifaqı ailəsində Azərbaycanın təkcə ən böyük ticarət tərəfdaşı deyil, həm də milli maraqlarımızın müdafiəsində çıxış edən ən sadiq strateji müttəfiqlərindən biridir. İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə reallaşdırdığı bu tarixi səfər ikitərəfli sarsılmaz bağların keyfiyyətcə yeni və daha dinamik bir mərhələyə qədəm qoymasına misilsiz töhfə verəcək. Bu səfər həm də dünyaya bir mesajdır: Bakı və Roma arasındakı sarsılmaz tərəfdaşlıq mürəkkəb geosiyasi şəraitdə belə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq əsasında necə möhkəm ittifaq qurmağın mümkün olduğunu göstərir. Beləliklə, Azərbaycan-İtaliya münasibətləri bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi tərəqqi və strateji həmrəylik üçün nümunəvi, uzunmüddətli və konyunkturdan asılı olmayan bir model olaraq qalmaqdadır.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button