
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin taleyində mühüm rol oynamış, xalqımızın müstəqillik və sabitlik yolunda atdığı ən vacib addımlardan biri kimi qiymətləndirilir. Bu gün müstəqil Azərbaycan Respublikasının xilası, dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, vətəndaş müharibəsinin qarşısının alınması ilə yadda qalmışdır.
1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə müstəqillik qazanan Azərbaycan böyük siyasi və iqtisadi böhranla qarşılaşdı. Daxili çəkişmələr, separatçılıq meyilləri, Qarabağ müharibəsi və xaos ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri isə vəziyyəti daha da gərginləşdirdi. Ölkə vətəndaş müharibəsinin bir addımlığında idi.
Məhz belə ağır bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə Azərbaycanın siyasi həyatında dönüş nöqtəsi oldu. Onun qətiyyəti, zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi və dövlət idarəçiliyində sistemli islahatlara start verildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçilik əsasları möhkəmləndi, hüquqi dövlət quruculuğu prosesi başlandı və beynəlxalq aləmdə ölkəmizin nüfuzu artdı. Onun rəhbərliyi ilə qəbul edilən mühüm qərarlar müstəqil Azərbaycanın gələcək inkişafının təməlini qoydu. 15 İyun bu mənada təkcə siyasi böhrandan çıxış deyil, həm də müstəqilliyin qorunması və davamlılığının təmin olunması günü kimi tarixə düşdü.
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 iyun 1997-ci ildən etibarən “Milli Qurtuluş Günü” kimi qeyd edilir. Bu gün yalnız tarixi hadisəni xatırlatmaq deyil, həm də müstəqil dövlətimizin, milli həmrəyliyin və sabitliyin əhəmiyyətini anlamaq baxımından böyük önəm daşıyır.
Mətanət Cəfərov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi