
Gücdən ixraca doğru: Azərbaycanın enerji və infrastruktur strategiyasıSon illər ərzində Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu layihələr təkcə paytaxt Bakını deyil, eyni zamanda respublikanın bütün bölgələrini əhatə etmiş, regionlar arasında inkişaf fərqlərinin minimuma endirilməsinə, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət etmişdir. İyirmi il ərzində qəbul olunmuş bir neçə regional inkişaf proqramı məhz bu məqsədlərə yönəlmiş, hər biri beş ili əhatə edən həmin proqramlar ardıcıl və uğurla icra edilmişdir. Nəticədə ölkə miqyasında əsas infrastruktur məsələləri sistemli şəkildə öz həllini tapmışdır.
Bu prosesin ən mühüm istiqamətlərindən biri elektrik enerjisi ilə etibarlı və dayanıqlı təminatın yaradılması olmuşdur. Vaxtilə Azərbaycan bu sahədə ciddi çətinliklərlə üz-üzə qalır, enerji qıtlığı gündəlik həyatın ayrılmaz hissəsinə çevrilirdi. Hətta ölkə elektrik enerjisini xaricdən idxal etməyə məcbur qalırdı. Lakin həyata keçirilən məqsədyönlü dövlət siyasəti, iri həcmli investisiyalar və müasir texnologiyaların tətbiqi nəticəsində bu mənzərə tamamilə dəyişmişdir. Bu gün elektrik enerjisi ilə təminat ölkənin bütün ərazisini əhatə edir və Azərbaycan bu sahədə tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur.
Son dövrlərdə açılışı həyata keçirilən yeni külək elektrik stansiyaları və digər alternativ enerji layihələri göstərir ki, ölkə energetika siyasətində yalnız ənənəvi mənbələrlə kifayətlənmir, eyni zamanda bərpa olunan enerji potensialının genişləndirilməsinə xüsusi önəm verir. Hazırda Azərbaycanın enerji generasiya gücü təqribən 10 min meqavata yaxındır ki, bu da daxili tələbatı tam şəkildə ödəməklə yanaşı, əlavə imkanlar yaradır. Artıq bu gün ölkəmiz elektrik enerjisini ixrac edir və bu fakt Azərbaycanın enerji müstəqilliyinin bariz göstəricisidir.
Əldə olunmuş uğurlar təkcə generasiya güclərinin artırılması ilə məhdudlaşmır. Paralel olaraq yarımstansiyalar, yüksək gərginlikli ötürücü xətlər və paylayıcı şəbəkələr yenidən qurulmuş, vahid və etibarlı enerji sistemi formalaşdırılmışdır. Vaxtilə bu sahədə mövcud olan ciddi qüsurların böyük hissəsi aradan qaldırılmış, enerji təchizatında itkilər minimuma endirilmişdir. Bütün bu tədbirlər nəticəsində enerji sistemi dayanıqlı, çevik və müasir tələblərə cavab verən bir struktur halına gətirilmişdir.
Bu gün Azərbaycan artıq yalnız öz enerji tələbatını təmin etmək haqqında düşünmür. Bu məsələ həll edilmiş hesab olunur. Qarşıda duran əsas hədəf isə ixrac imkanlarının daha da genişləndirilməsidir. Necə ki, Azərbaycan bu gün neft və qazı dünya bazarlarına uğurla ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır, yaxın illərdə eyni mövqeyi elektrik enerjisi ixracı sahəsində də tutmaq niyyətindədir. Bu məqsədlə qonşu dövlətlərlə, eləcə də yerli və xarici enerji şirkətləri ilə ciddi və intensiv danışıqlar aparılır, yeni ixrac marşrutları üzərində işlənilir.
Bütün bunlar göstərir ki, Azərbaycanda aparılan düşünülmüş və ardıcıl dövlət siyasəti nəticəsində əsas infrastruktur məsələləri artıq keçmişdə qalmış problemlər sırasına daxildir. Ölkə bu gün möhkəm enerji təməli üzərində gələcəyə doğru inamla irəliləyir və regional, hətta qlobal enerji bazarında rolunu daha da gücləndirməyə hazırdır.
Günel Əbdürəhmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



