
Son illərdə Avropa İttifaqı (Aİ) enerji təhlükəsizliyini artırmaq və enerji mənbələrini şaxələndirmək istiqamətində aktiv siyasət yürüdür. Bu kontekstdə, Azərbaycan təbii qazı Avropanın enerji strategiyasında çox vacib rol oynayır. Xüsusilə, son geosiyasi hadisələr Aİ-nin Azərbaycanla enerji tərəfdaşlığını daha da gücləndirməsinə səbəb olub.
Aİ enerji strategiyasında enerji təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliyi ilə mübarizə və bərpa olunan enerji mənbələrinə keçid kimi mühüm aspektləri ön plana çıxarır. Lakin, təbii qaz Avropanın enerji balansında hələ uzun müddət əhəmiyyətli rol oynayacaq. Azərbaycan, Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya enerji təchizatında əsas oyunçulardan biridir. CQD 3500 km uzunluğunda boru kəməri sistemidir və TAP (Trans-Adriatik Boru Kəməri) ölkənin qazını Avropaya çatdıran əsas infrastrukturudur. Bu boru kəməri vasitəsilə Azərbaycan qazı Yunanıstan, Albaniya və İtaliyaya nəql edilir. Bundan əlavə, Azərbaycan Türkiyəyə qaz nəqli üçün TANAP (Trans-Anadolu Boru Kəməri) layihəsini həyata keçirmişdir. TANAP vasitəsilə nəql olunan qaz Türkiyədən Avropaya ötürülür və enerji təhlükəsizliyini gücləndirir.
Rusiya-Ukrayna müharibəsi və Avropa ölkələrinin Rusiya qazından asılılığını azaltmaq strategiyası Azərbaycan qazını vacib alternativə çevirib. 2022-ci ilin iyulunda Azərbaycan və Aİ “Strateji Enerji Tərəfdaşlığı Haqqında Anlaşma Memorandumu” imzalayıb ki, bu da 2027-ci ilə qədər Avropaya qaz təchizatını iki dəfə artırmağı nəzərdə tutur. Enerji sahəsində Azərbaycan Avropaya qaz tədarük edən əsas ölkələrdən biridir.
Azərbaycan Avropanın enerji xəritəsində strateji oyunçuya çevrilməkdədir. Son illərdə Azərbaycanın qaz hasilatı və ixracı artaraq, yeni bazarlara çıxış əldə etməyə imkan yaradıb. Hazırda Azərbaycan Avropaya ildə təxminən 12 milyard kubmetr qaz ixrac edir və bu həcmin 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Hazırda Azərbaycan qazı TAP vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya çatdırılır. Bundan başqa, TANAP qazı Türkiyəyə daşıyır və buradan Avropaya istiqamətlənən ixrac potensialı artır. Avropanın digər ölkələri, o cümlədən Bolqarıstan, Rumıniya və Macarıstan da Azərbaycan qazının idxalı ilə maraqlanır. 2023-cü ildə Azərbaycan və Bolqarıstan qaz nəqli sahəsində əməkdaşlıq sazişi imzalayıb. Bundan əlavə, Azərbaycan Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə Cənub-Şərqi Avropaya qaz ixracını artırmaq üçün yeni razılaşmalar əldə edib.
Azərbaycanın Avropaya qaz ixracını artırması üçün yeni infrastruktur layihələri də nəzərdən keçirilir. Xəzər dənizindən Qara dəniz vasitəsilə Bolqarıstana və digər Avropa ölkələrinə qaz nəqli imkanları araşdırılır. Aİ və Azərbaycan arasında enerji sahəsində iş birliyi yeni layihələr vasitəsilə genişləndirilə bilər. Xüsusilə, Qara Dəniz vasitəsilə Azərbaycan-Bolqarıstan qaz interkonnektoru və ya yeni LNG (maye qaz) terminalları bu istiqamətdə əhəmiyyətli rol oynaya bilər. Bundan başqa, bərpa olunan enerji sahəsində iş birliyi də perspektivli istiqamətlərdən biridir.
Azərbaycan artıq yaşıl enerji layihələrinə investisiya yatırır və Avropaya bərpa olunan enerji ixracı perspektivlərini araşdırır. 2022-ci ildə Azərbaycan və Avropa İttifaqı “Yaşıl Enerji Keçidi” üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar. Bu çərçivədə, Xəzər dənizində külək enerjisi potensialı yüksək qiymətləndirilir və gələcəkdə Avropaya yaşıl enerji ixracı planlaşdırılır.
Avropanın Azərbaycan qazına olan ehtiyacı getdikcə artır və bu tələbi təmin olunması istiqamətində yeni investisiyalar və enerji layihələri zəruri olacaq. Azərbaycan, enerji sahəsində öz mövqeyini daha da gücləndirərək Avropa enerji bazarında strateji oyunçu kimi ön plana çıxır. Eyni zamanda, yaşıl enerji sahəsində yeni əməkdaşlıq imkanları Avropa və Azərbaycan arasında tərəfdaşlığın daha da dərinləşməsinə səbəb olacaq.
İslam Bafadarov,
YAP-ın gənc fəalı