AnalitikaGündəmSiyasət

Azərbaycannın yeni qlobal reallıqlar və transformasiya dövründə həyata keçirdiyi ərazi bütövlüyünün bərpası prosesindən əvvəlki, yəni torpaqlarımızın düşmən işğalı altında olduğu dövr ölkəmiz üçün çox ağır mərhələ olmuşdur

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərini əhatə edən 2026–2035-ci illər üçün Dövlət Proqramına həsr olunan müşavirə ölkənin infrastruktur siyasətində yeni mərhələnin əsas istiqamətlərini aydın şəkildə ortaya qoyub. Müşavirədə səsləndirilən fikirlər göstərir ki, son onilliklərdə formalaşdırılmış güclü infrastruktur bazası artıq daha mürəkkəb və uzunmüddətli çağırışların həllinə imkan verir.

Ötən dövrdə icra edilən regional inkişaf proqramları ölkə üzrə əsas infrastruktur məsələlərinin sistemli şəkildə həllinə şərait yaradıb. Elektrik enerjisi ilə təminatın ümumilikdə tam əhatə olunması, generasiya güclərinin təxminən 10 min meqavat səviyyəsinə çatdırılması və ixrac imkanlarının formalaşdırılması bu siyasətin mühüm nəticələrindəndir. Vaxtilə enerji qıtlığı ilə üzləşən bir sistemin bu gün ixrac potensialı müzakirə edən səviyyəyə yüksəlməsi ardıcıl planlaşdırmanın nəticəsi kimi dəyərləndirilir. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı şəhərini, qəsəbələri, Sumqayıtı və Abşeron rayonunu əhatə etməklə ən mürəkkəb su məsələlərinin mərhələli həllini nəzərdə tutur. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın tam təmin olunması və fasiləsiz su ilə əhatə dairəsinin 70 faizdən 95 faizə çatdırılması planlaşdırılır. Eyni zamanda 200 kilometrdən artıq magistral kanalların və paylayıcı şəbəkələrin inşası, mövcud xətlərin yenilənməsi su itkilərinin kəskin azalmasına xidmət edəcək. Hazırda 40–45 faiz civarında olan itkilərin aşağı salınması mövcud ehtiyatlardan daha səmərəli istifadə imkanı yaradacaq. Dövlətimizin başçısı müşavirədəki çıxışında bildirib ki, proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib: “Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Son illər ərzində burada da aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da. Bu gün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir, bu, cəmi 6 faizdən bir qədər çox təşkil edir. Yəni bu, deməyə əsas verir ki, bu gün biz daha çox xarici kreditlərə müraciət edə bilərik, xüsusilə nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə təsisatları bizə müraciətlər edirlər”.

Azərbaycannın yeni qlobal reallıqlar və transformasiya dövründə həyata keçirdiyi ərazi bütövlüyünün bərpası prosesindən əvvəlki, yəni torpaqlarımızın düşmən işğalı altında olduğu dövr ölkəmiz üçün çox ağır mərhələ olmuşdur. Belə ki, işğal altında olan ərazilərdəki faşist xunta rejimi ölkəmizin təbii resurslarından da Azərbaycana qarşı silah kimi istifadə etmişdir. Bir tərəfdən həmin ərazilərdəki təbii sərvətlərimiz qanunsuz yolla vəhşicəsinə istismar edilirdi, digər tərəfdən “Sərsəng” və “Suqovuşan” su anbarlarının qeyri-adekvat istifadə edilməsi, Azərbaycanın işğal altında olmayan ətraf ərazilərinin su altında qalması üçün qəsdən daşqınların törədilməsi, kənd təsərrüfatı sahələrinə məqsədli zərər vurulması, yaşayış məntəqələrinə dağıdıcı təhlükə mənbəyi kimi hədə vasitəsinə çevrilməsi cəmi beş il bundan əvvəlki 30 illik işğal mərhələsinin acı reallığı idi. Hazırda isə, başdan-başa bərpa, quruculuq və abadlıq meydanına çevrilmiş Qarabağda və Şərqi Zəngəzurda ən müxtəlif infrastruktur layihələri sürətlə və uğurla icra edilir. Bir neçə il bundən əvvəl düşmənin əlində “ekoloji silah” vasitəsinə çevrilmiş Laçın rayonundakı “Zabuxçay”, Tərtər rayonundakı “Suqovuşan”, Ağdərə rayonundakı “Sərsəng”, Ağdam rayonundakı “Xaçınçay”, Füzuli rayonundakı “Köndələnçay” su anbarları yenidən qurulub, Laçın rayonundakı “Həkəriçay”, Qubadlı rayonundakı “Bərgüşadçay” su anbarlarının tikinitisinə hazırlıq işləri aparılır.
Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün  Dövlət Proqramı” da ölkə paytaxtının yerləşdiyi yarımadada mövcud problemlərin tam həllinə istiqamətlənib. Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək Dövlət Proqramının icrası 10 il ərzində icra ediləcək. Doğrudur, əvvəlki dövlət proqramlarının və ayrı-ayrı infrastruktur layihələrinin icrası Azərbaycanda içməli su və su ilə bağlı digər probemlərin həllinə mühüm töhfə verib. Lakin nəzərə alsaq ki, Bakı şəhəri sənaye, sosial-iqtisadi və demoqrafik baxımdan sürətlə inkişaf edir, böyüyür, onun dünya miqyaslı bir çox tədbirlərin mütəmadi şəkildə keçirildiyi mərkəz kimi beynəlxalq əhəmiyyəti artır, deməli, müvafiq sahədə də paytaxtın inkişafının qarşıya çıxardığı tələblərə uyğun tərəqqiyə nail olunmalıdır.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button