
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib.
Prezident İlham Əliyev çıxışında bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafının müəyyən edilməsini qeyd edib. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirən İlham Əliyev rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirə olunmasına böyük ehtiyac olduğunu və gələcək fəaliyyətimizdə bu məsələnin əsas prioritetlər siyahısına daxil edilməsinin vacibliyini önə çəkib.
Çıxışında Möhtərəm Prezidentimiz “Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir.” fikrini bildirərək bu sahədə ölkəmizin mövcud üstünlüklərini göstərib:
1. Coğrafi üstünlük
Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.
2. Transmilli böyük şirkətlərlə iş təcrübəmiz və müsbət investisiya iqlimi.
Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub – həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
3. Öz enerji generasiya gücümüzün böyük dərəcədə artırılması.
Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, – istər qaz, istər hidro, istər Günəş, külək, – bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.
4. Dünyanın aparıcı şirkətləri ilə təmasların qurulması.
Bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda, dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. İndi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi ən böyük Amerika fondlarının sərəncamındadır. Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir.
5. Dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatı
Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalamışıq. Yəni biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq.
Prezident İlham Əliyev rəqəmsallaşdırma ilə bağlı bir sıra fikirlərini də söyləyib, görüləcək işlər, həyata keçiriləcək tədbirlər barədə mühüm tapşırıqlarını verib:
– Bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiyanın aparılması
– Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılması, ya yeni ştat vahidinin yaradılması, ya da bu sahə mövcud müavinlərinin birinə tapşırılması. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.
– Bu sahədə pərakəndəliyə yol verilməməsi və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlanıb Prezidentə təqdim edilməsi
– Dövlət xidmətlərinin “mygov” üzərindən vahid mərkəzdən həyata keçirilməsi. Hər kəs bunu bilməlidir – həm dövlət qurumları, həm vətəndaşlar
– Bu sahə üzrə kadr hazırlığının və peşəkarlığının artırılması
Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
– Dövlət qurumlarında süni intellektin tətbiqinin geniş vüsət alması.
– Kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsi, bu sahədə dünyanın aparıcı şirkətləri ilə sıx təmasların qurulması.
Azərbaycanın yeni rəqəmsal arxitekturası qloballaşan dünyamızın yeni dövrünün tələbi, ölkəmizin gələcəyinə hədəflənən əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin bununla bağlı çıxışı, qarşıya qoyduğu vəzifə və tapşırıqları bu sahənin gələcək inkişafına yönəlmiş əsas yol xəritəsidir.
Tahirli Zaman,
Nizami rayonunun fəal gənci,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi,Prezident təqüdçüsü



