
Müasir dövrdə sivilizasiyalararası dialoq və beynəlxalq həmrəylik mərkəzi kimi çıxış edən Azərbaycan, qlobal sülh proseslərinə misilsiz töhfələr verir. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilən ali qəbul ölkəmizin bu ali məqsədlərə nə dərəcədə sadiq olduğunu bir daha sübut etdi.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət geniş və mötəbər nümayəndə heyətini qəbul etdi. Türkiyə, Özbəkistan, Qazaxıstan kimi qardaş türkdilli dövlətlərin və Şimali Qafqaz respublikalarının ali dini liderlərinin, habelə beynəlxalq təşkilat rəhbərlərinin iştirak etdiyi bu mühüm görüş, Prezident İlham Əliyevin qlobal sülh, qarşılıqlı anlaşma və ümmət birliyi naminə həyata keçirdiyi uzaqgörən siyasətin ən parlaq təcəssümlərindən biri kimi tarixə düşdü.
Görüş zamanı dövlət başçısı xalqımızın bəşər mədəniyyəti xəzinəsinə verdiyi əvəzsiz intellektual və mənəvi töhfələrdən böyük qürurla bəhs etdi. Prezident İlham Əliyev TDT-nin dini rəhbərlərinin toplantısı ilə eyni günlərdə XV əsr mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin xüsusi və dərin rəmzi məna daşıdığını qeyd etdi. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahi şəxsiyyətlərin əsərlərinin təkcə ölkəmiz üçün deyil, bütün İslam dünyası üçün ortaq mənəvi xəzinə olduğunu vurğuladı. Bununla yanaşı, Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələnin və Atabəylər dövlətinin mərkəzi Naxçıvan şəhərlərinin tarixi əhəmiyyətini xatırladan Prezident, TDT daxilində yeganə Qafqaz ölkəsi olan Azərbaycanın əsrlər boyu Türk dünyası ilə Qafqaz coğrafiyasını bir-birinə bağlayan əbədi mənəvi körpü rolunu oynadığını qonaqların diqqətinə çatdırdı.
İslam aləmində baş verən ictimai-siyasi çağırışlara, böhranlara və xarici müdaxilələrə münasibət bildirən Prezident İlham Əliyev müsəlman ümmətinin sarsılmaz həmrəyliyinin nə qədər həyati əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Dövlət başçısı dini liderlərin sülhə, qardaşlığa və barışığa xidmət edən müraciətlərinin bölgədə əmin-amanlıq yaratmaq üçün çox mühüm, təsirli amil olduğunu qeyd etdi. Azərbaycanın beynəlxalq platformalarda hər zaman barışdırıcı və birləşdirici mövqedən çıxış etdiyini deyən Prezident, 2017-ci ildə Bakıda böyük uğurla keçirilmiş IV İslam Həmrəylik Oyunlarının əsl qardaşlıq bayramı olduğunu xatırlatdı. O, gələn il ölkəmizdə keçiriləcək İƏT Zirvə Görüşünün müsəlman ölkələri arasındakı bəzi anlaşılmazlıqlara son qoyacağına və İslam dininə qarşı aparılan məkrli kampaniyaların qarşısını almaq üçün müsəlman aləmini vahid, qüdrətli bir ailə kimi birləşdirəcəyinə dair dərin inamını ifadə etdi.
Prezident İlham Əliyev qonaqların Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərin tarixi reallıqları canlı şəkildə görmək baxımından əhəmiyyətini xüsusi önə çəkdi. O, Ermənistanın 30 illik işğalı dövründə 65 məscidi bilərəkdən yerlə-yeksan etməsini və müqəddəs inanc yerlərində heyvan saxlamasını bütün İslam dünyasına qarşı yönəlmiş misilsiz vəhşilik, həqarət adlandırdı. Lakin böyük qürurla qeyd etdi ki, güc amilinin həlledici olduğu müasir, mürəkkəb dünyada Azərbaycan xalqı məhz rəşadətli Ordumuzun gücü ilə, şəhidlərimizin qanı bahasına bu ədalətsizliyə son qoydu və separatizmin kökünü kəsdi. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində 90 mindən çox vətəndaşın azad edilmiş torpaqlara qayıdaraq orada firavan həyat qurması, Prezident İlham Əliyevin həm qurucu lider, həm də ədalətin bərpaçısı kimi sarsılmaz iradəsini və Azərbaycanın əbədi mütləq Zəfərini bütün dünyaya bir daha əyani sübut edir.
Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri



