AnalitikaGündəmSiyasət

Azərbaycanın Qlobal Diplomatik Üstünlüyü: Reallıqlar və Perspektivlər

Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə toplantısına videobağlantı formatında qatılması və burada etdiyi proqram xarakterli çıxış Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan strateji çəkisini bir daha nümayiş etdirdi. Bu çıxış yalnız diplomatik nitq deyil, həm də Cənubi Qafqazda formalaşan yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdimatı idi. Dövlət başçısı Azərbaycanın regional sülhün əsas təşəbbüskarlarından biri, eyni zamanda Avropanın enerji və nəqliyyat təhlükəsizliyində mühüm tərəfdaş olduğunu konkret faktlarla diqqətə çatdırdı. Xüsusilə sülh prosesinin artıq praktik mərhələyə keçdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsini və tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırmasını yeni mərhələnin mühüm göstəricisi kimi qiymətləndirdi.  

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri beynəlxalq təşkilatların, xüsusilə AŞPA və Avropa Parlamentinin nümayiş etdirdiyi ikili standartlarla bağlı səsləndirilən fikirlər oldu. Dövlət başçısı qeyd etdi ki, 30 il ərzində icra olunmayan BMT qətnamələrini Azərbaycan öz gücü hesabına həyata keçirdikdən sonra bəzi Avropa institutlarının ölkəmizə qarşı qərəzli mövqe sərgiləməsi və sanksiya çağırışları sülh prosesinə mane olmaq cəhdidir. Bu yanaşma beynəlxalq hüququn aliliyini müdafiə edən Azərbaycanın prinsipial mövqeyinin ifadəsi kimi qiymətləndirildi. Eyni zamanda, Azərbaycanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitinə ev sahibliyi etməsi ilə bağlı təklifin qəbul olunması və Ermənistan tərəfindən dəstəklənməsi regionda yaranan yeni etimad mühitinin göstəricisi oldu.  

Çıxış zamanı Azərbaycanın Orta Dəhliz çərçivəsində artan logistik əhəmiyyəti və Naxçıvanla birbaşa bağlantının yaradılması perspektivləri də xüsusi vurğulandı. Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan regionda həyata keçirilən strateji layihələrin əsas iştirakçılarından biridir və ölkəmizlə hesablaşmadan Cənubi Qafqazda uzunmüddətli sabitliyə nail olmaq mümkün deyil. Bu çıxış Azərbaycanın artıq yalnız enerji resursları ixrac edən dövlət deyil, həm də beynəlxalq sülh və əməkdaşlıq gündəliyinə təsir edən mühüm siyasi aktor olduğunu nümayiş etdirdi. Prezidentin mesajları Avropa-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq əsasında inkişafı üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.  

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının
İdeoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button