AnalitikaGündəmSiyasət

Azərbaycanın ərazi bütövlüyünün bərpası və post-münaqişə dövründə atılan strateji addımlar əsas yer tuturdu

28 May 2025-ci il – Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümü Laçın şəhərində xüsusi təntənə ilə qeyd olundu. Bu ilki Müstəqillik Günü həm simvolik, həm də strateji baxımdan önəmli oldu. Prezident İlham Əliyevin çıxışı isə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurdu.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı Azərbaycanın dost və qardaş ölkələrlə olan dərin münasibətlərinin təzahürü kimi qiymətləndirildi. Prezident İlham Əliyev çıxışında bu dövlətlərin Azərbaycanın 44 günlük Vətən müharibəsində göstərdiyi açıq və prinsipial dəstəyə xüsusi vurğu etdi və bu dəstəyin heç zaman unudulmayacağını bildirdi.

Prezidentin nitqində Azərbaycanın ərazi bütövlüyünün bərpası və post-münaqişə dövründə atılan strateji addımlar əsas yer tuturdu. O qeyd etdi ki, əldə olunan Qələbə yalnız hərbi sahədə deyil, milli ruhun və xalq-dövlət birliyinin nəticəsi idi. Bu birlik və qətiyyət Laçın kimi mühüm bir şəhərin tam bərpasına və regionun yeni inkişaf mərhələsinə daxil olmasına imkan yaratdı.

Çıxışda diqqət çəkən əsas məqamlardan biri Laçının 2025-ci il üçün Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi oldu. Prezident bu qərarın regionun sosial-mədəni inkişafına, turizm imkanlarının genişlənməsinə və yerli əhalinin doğma yurdlarına sürətli şəkildə dönüşünə töhfə verəcəyini bildirdi.

Müstəqillik Günü çərçivəsində keçirilən tədbirlərdə Laçın Beynəlxalq Hava Limanının açılışı da baş tutdu. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan birgə olaraq hava limanının açılış lentini kəsdilər. Bu infrastruktur layihəsi təkcə Laçın üçün deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi potensialını artıracaq, regionu beynəlxalq nəqliyyat şəbəkəsinə birləşdirəcək önəmli bir addım kimi qiymətləndirilir.

Prezidentin Laçından verdiyi mesajlar yalnız bugünkü uğurların deyil, həm də sabaha olan baxışın təcəssümüdür. Azərbaycanın post-müharibə dövründə dayanıqlı sülhə, yenidənqurmaya və sosial-iqtisadi dirçəlişə yönəlik siyasəti ardıcıl şəkildə davam etdirilir.

28 Mayda səslənən bu çıxış bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə müstəqil deyil, həm də suveren əraziləri üzərində tam şəkildə möhkəmlənmiş, öz gələcəyini qurmağa qadir güclü bir dövlətdir. Laçından başlayan bu mesaj, milli birliyin, qələbənin və qürurun simvoluna çevrildi.

 Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button