
“Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə birgə mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafına yeni təkan verərək, gələcək ikitərəfli əməkdaşlıq üçün ciddi perspektivlər vəd edir”.
Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması Vyetnam-Azərbaycan əlaqələrinin yeni səviyyəyə qaldırılmasının mühüm göstəricisidir. Bu yüksək səviyyəli sənəd gələcəkdə hər iki ölkənin əməkdaşlıq sahəsində daha da fəal iştirak etməsinə zəmin yaradır. Əməkdaşlıq sahələri müxtəlif istiqamətləri əhatə edir. Energetika sahəsində imzalanmış sənədlər qarşılıqlı sərmayə qoyuluşuna yol açır. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətlərinin Vyetnama sərmayə yatırması müzakirə olunub. Eyni zamanda, hökumətlərarası komissiyanın iclasının keçirilməsi qərara alınıb ki, bu da əməkdaşlıq sürətini artıracaq. Bərpaolunan enerji növləri istehsalında əməkdaşlıq da xüsusi yer tutur. Prezident İlham Əliyev Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayıb və Vyetnam şirkətlərini ölkəmizdə investisiya qoymağa dəvət edib. Müdafiə sənayesi sahəsində birgə müəssisələrin yaradılması və əməkdaşlıq perspektivləri də diqqətəlayiqdir.
“İkitərəfli münasibətlər beynəlxalq təşkilatlarda da öz əksini tapır. Xüsusilə, Vyetnamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı mövqeyini dəstəkləməsi ölkələrarası dostluğun nümunəsidir. Qoşulmama Hərəkatı çərçivəsində də birgə fəaliyyət hər iki tərəfin maraqlarına xidmət edir. Nəqliyyat və ticarət sahələrində də ciddi müzakirələr aparılıb. Prezident İlham Əliyev hər iki ölkənin iqtisadi-ticari münasibətlərini neft satışından asılı olmayan daha balanslaşdırılmış formada görmək arzusunu ifadə edib. Bu istiqamətdə qarşılıqlı informasiya mübadiləsinin əhəmiyyəti qeyd olunub. Səfər çərçivəsində imzalanan sənədlər arasında strateji tərəfdaşlıq, energetika, müdafiə, mədəniyyət, rəqəmsal inkişaf, arxiv işi və biznes əməkdaşlığı üzrə bir sıra Anlaşma Memorandumları yer alır. Bu sənədlər iki ölkə arasında əlaqələrin genişlənməsinə və dərinləşməsinə xidmət edir”.
Rəşadət Xalıqov əlavə edib ki, bu səfər həm də Azərbaycan-Vyetnam münasibətlərinin çoxşaxəli inkişafında yeni mərhələnin başlanğıcını qoyur. Hər iki ölkə vahid mövqedən çıxış edərək əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atmağa hazır olduqlarını bir daha təsdiqlədilər.