
“Cənab Prezident İlham Əliyevin qardaş Pakistan İslam Respublikasında təntənəli şəkildə qarşılanması ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin və şəxsən dövlət rəhbərimizin siyasi nüfuzunun göstəricisidir. Pakistan inkişaf etmiş hərbi sənayesi və elmi nailiyyətləri ilə Asiyanın möhkəmlənən gücləri sırasında yer alır. Bir qayda olaraq rəsmi Bakı və İslamabad münasibətlərindən danışarkən hərbi-siyasi, hərbi-texniki əməkdaşlıq məsələləri ilk sırada qərarlaşır”.
Bunu “İcxeberinfo.az”a açıqlamasında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev deyib.
Ramil Mehdiyev bildirib ki, Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələri iqtisadi sferada da inkişaf etdirmək üçün geniş perspektivlər mövcuddur. Məlumdur ki, Pakistan Respublikası və xalqı ölkəmiz müstəqilliyini əldə etdikdən sonra bütün beynəlxalq platformalarda hər zaman bizi dəstəkləməklə yanaşı, Qarabağın işğalından dolayı Ermənistanı dövlət olaraq tanımaqdan imtina edərək əsl qardaşlıq nümunəsi sərgiləmişdir. Onların səmimi münasibətinə uyğun olaraq Azərbaycan tərəfi də, Camu və Kəşmir məsələsində qeyri-şərtsiz olaraq rəsmi İslamabadın mövqeyini dəstəkləmiş, siyasi həmrəylik nümayiş etdirmişdir:
“Bununla yanaşı, müxtəlif vaxtlarda qardaş ölkədə baş verən təbii fəlakətlər zamanı dövlətimiz humanitar yardımlar vasitəsilə öz dəstəyini göstərmiş, dəymiş zərərin aradan qaldırılmasında yaxından iştirak etmişdir. Həmçinin Heydər Əliyev fondu və şəxsən birinci xanım Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi sosial layihələr rəsmi İslamabad tərəfindən yüksək qiymətləndirilmişdir. O cümlədən Azərbaycanlı mütəxəssislərin İslamabad şəhərinin daha da gözəlləşməsi, abadlaşması üçün hazırladığı layihə Pakistanın baş naziri tərəfindən xüsusilə vurğulanmışdır”.
Onun sözlərinə görə, indi Azərbaycan qalib dövlətdir və qlobal proseslərdə mühüm tərəf kimi Pakistanla münasibətləri yeni konfiqurasiyada inkişaf etdirməkdə maraqlıdır. Və təbii ki, hərbi əlaqələr hər zaman olduğu kimi ilk sırada qərarlaşır. Pakistan inkişaf etmiş hərbi məhsullar ixracatçısı kimi bu zamana qədər ilk səfərdə ən böyük silah satışı müqaviləsini məhz Azərbaycanla bağlamışdır. Dəyəri 1.6 milyard dollar həcmində olan alqı-satqı müqaviləsi 4.5 nəsil qırıcılar hesab olunan JF 17 Thunder Blok-III üzərindən bağlanılmışdır. Ümumən Cənab İlham Əliyevin Pakistana sonuncu səfəri tarixi köklərə söykənən Azərbaycan-Pakistan münasibətlərinin hərtərəfli inkişaf edəcəyinin bariz nümunəsidir.