AnalitikaGündəmSiyasət

Azərbaycan üçün Avropa İttifaqı əsas iqtisadi tərəfdaşlardan biridir

2026-cı il martın 11-də Antonio Costa-nın Azərbaycana səfəri zamanı Prezident Ilham Aliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycan–Avropa İttifaqı əlaqələrinin strateji xarakterini bir daha ortaya qoydu. Dövlət başçısı vurğuladı ki, hazırda tərəflər müxtəlif səviyyələrdə fəal əməkdaşlıq mərhələsindədir və qarşılıqlı dialoq davamlı şəkildə genişlənir.

Azərbaycan üçün Avropa İttifaqı əsas iqtisadi tərəfdaşlardan biridir. Ticarət dövriyyəsinin böyük hissəsinin Aİ ilə bağlı olması iqtisadi əlaqələrin gücləndiyini göstərir. Bu əməkdaşlıq xüsusilə enerji sektorunda daha qabarıq şəkildə özünü göstərir. Bu gün Avropa İttifaqının bir sıra üzv dövlətləri Azərbaycan qazı ilə təmin olunur və ölkəmiz Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mühüm rol oynayır.

Eyni zamanda Azərbaycan bərpaolunan enerji sahəsində də böyük layihələr həyata keçirir. Günəş və külək enerjisi üzrə geniş potensial ölkənin gələcəkdə Avropaya alternativ enerji ixracını artırmaq imkanlarını genişləndirir.

Prezident İlham Əliyev çıxışında regionda sülh gündəliyinə də toxunaraq qeyd etdi ki, Ermənistanla əldə olunmuş razılaşmalar regionda yeni əməkdaşlıq və nəqliyyat imkanları yaradır. Bu, xüsusilə Orta Dəhlizin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün bunlar göstərir ki, Azərbaycan həm enerji, həm də regional əməkdaşlıq sahəsində Avropa üçün strateji tərəfdaş olaraq öz mövqeyini daha da möhkəmləndirir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button