
Azərbaycan tarixində elə günlər var ki, bu günlər təkcə bir tarixi hadisəni yox, bütöv bir xalqın azadlıq əzmini, milli kimliyini və dövlətçilik iradəsini əks etdirir. Məhz belə günlərdən biri də 28 May – Müstəqillik Günüdür. Bu tarix Azərbaycan xalqının qürur mənbəyidir və hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, əsrlərlə davam edən azadlıq mübarizəsinin bəhrəsi idi. Azərbaycan xalqı ilk dəfə olaraq öz dövlətini yaratdı, öz müqəddəratını müəyyənləşdirmək haqqını gerçəyə çevirdi. Cümhuriyyətin qurucuları xalqın iradəsini əsas tutaraq demokratik, hüquqi və dünyəvi bir dövlət qurmaq yolunda mühüm addımlar atdılar.
Cümhuriyyət dövründə qısa zamanda mühüm işlər görüldü: Azərbaycan dili dövlət dili elan olundu, milli ordu quruldu, təhsil islahatları başladı, qadınlara səsvermə hüququ verildi. Bu qərarlar Azərbaycanın gələcəyinə işıq salan böyük və mütərəqqi ideyaların göstəricisi idi. Lakin təəssüf ki, bu müstəqillik uzun sürmədi. 1920-ci ilin aprelində sovet işğalı nəticəsində Azərbaycan müstəqilliyini itirdi. Lakin xalqın yaddaşında o qürurlu günlərin izi silinmədi.
Onilliklər sonra, 1991-ci ildə, Azərbaycan xalqı yenidən tarixi ədaləti bərpa etdi və müstəqilliyimizi bərpa etdi. O gündən etibarən 28 May əvvəlcə Respublika Günü, 2021-ci ildən isə rəsmi olaraq Müstəqillik Günü kimi qeyd olunur. Bu gün bizlər üçün təkcə bayram deyil, həm də bir öhdəlikdir. Müstəqil dövlətimizin varlığını qorumaq, onu gücləndirmək, cümhuriyyətin ideallarını yaşatmaq hər birimizin borcudur. Əldə edilmiş bu azadlıq nə qədər dəyərlidirsə, onu qorumaq da bir o qədər məsuliyyətlidir. 28 May – azadlığımızın, dövlətçiliyimizin və milli qürurumuzun rəmzidir.
İlham Quliyev,
Yeni Azərbaycan Partiyası,Məsləhətçi