
Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra azad siyasət yürütməyə başlamışdır. Elə bu illərdən etibarən dövlətimizin xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edir.
Azərbaycanın enerji siyasətində istiqamətlər çox olsa da, onlardan ikisini xüsusi vurğulamaq lazımdır. Birinci istiqamət ölkənin öz daxili enerji təhlükəsizliyinin təminatıdır. İkincisi isə Azərbaycanın digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfədir. Bu baxımdan, istər ölkəmizin enerji ehtiyatlarının hasilatı, istərsə də onların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması mühüm məsələlərdəndir. XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.
Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Külək, günəş, bio-yanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdirlər.
Cari ilin 18 iyul tarixi Prezident İlham Əliyevin Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı ilə yadda qaldı. Qaz təchizatından söz açan ölkə başçısı bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur.
Ölkə rəhbəri qeyd etdi ki, əməkdaşlığın inkişaf dinamikası qorunulur. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq.
Azərbaycanın təbii qazını alan ölkələri qeyd edən dövlət başçısı vurğuladı ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
Rəna Süleymanlı,
YAP-ın fəalı