AnalitikaDünyaGündəmSiyasət

ATƏT-in Minsk Qrupunun Ədalətsizliyi və Azərbaycanın Sınmaz İradəsi

Müstəqil Azərbaycanın yaxın tarixi təkcə quruculuq deyil, həm də beynəlxalq ədalətsizliyə və ikili standartlara qarşı sarsılmaz mübarizə tarixidir. Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, 30 il ərzində ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi ATƏT-in Minsk qrupu ədalət prinsiplərindən tamamilə uzaq və tərəfli idi. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Üç aparıcı dövlətin konsolidasiya olunmuş mövqeyi ondan ibarət idi ki, təkcə Qarabağ deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisi Azərbaycanın əlindən alınaraq Ermənistana verilsin. Bunun müqabilində isə şərqə doğru yalnız beş rayonun qaytarılması vəd edilirdi.

Təhlükəsizlik Şurasının daimi üzvləri olan bu güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycan rəhbərliyi və cəmiyyətində heç kim bu cür ədalətsiz şərtlərlə heç vaxt razılaşmadı. İkinci Qarabağ müharibəsi başlayanda isə bu qüvvələrin hamısı tam sinxron şəkildə dərhal hərbi əməliyyatların dayandırılmasını və hər şeyin olduğu kimi saxlanılmasını tələb edirdi. Dövlət başçısı xatırladır ki, bəziləri təhdid və qorxu gələrək, bəziləri isə “Füzuli azad edilib, amma dayanın” təklifləri ilə Azərbaycanı durdurmaq üçün müxtəlif diplomatik mexanizmləri işə salmışdılar. Lakin Azərbaycanın öz ərazisini bərpa etməsinə imkan verməmək məqsədinə nail olunmadı, çünki xalqın iradəsini qırmaq qeyri-mümkündür.

Bu tarixi təcrübə bir daha sübut edir ki, müstəqilliyini hər şeydən üstün tutan bir xalqı təzyiqlərlə yönləndirmək olmaz. Müstəqillik uğrunda mübarizə aparan, öz kimliyini və ləyaqətini qoruyan bir xalqı məğlub etmək, onlara başqalarının iradəsini zorla qəbul etdirmək mümkünsüzdür. Azərbaycan beynəlxalq təzyiqlərə rəğmən öz suverenliyini tam bərpa edərək sübut etdi ki, ədalət ancaq öz gücünə və dövlətə güvənməklə, milli birliyi sarsılmaz tutmaqla əldə edilə bilər.

Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button