GündəmAnalitikaSosial

Ana dilimizi sevmək və qorumaq milli kimliyimizə olan hörmətin göstəricisidir

1 Avqust Azərbaycan xalqı üçün milli kimliyin, mədəni dəyərin və dilə olan ehtiramın təcəssümüdür. Bu tarix ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan dilinin inkişafı, qorunması və təbliği məqsədilə böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqı tarix boyu öz ana dilinə xüsusi dəyər verib. Dili qorumaq – xalqın milli varlığını, adət-ənənələrini, ədəbiyyatını və tarixini qorumaq deməkdir. Azərbaycan dili bu gün dövlət dili statusuna malik olmaqla yanaşı, eyni zamanda zəngin ədəbi-bədii irsin daşıyıcısıdır. Azərbaycan əlifbası müxtəlif dövrlərdə dəyişikliklərə uğrasa da, bu dəyişikliklər xalqın mədəni və siyasi həyatında əhəmiyyətli mərhələlərə işarə edib. 1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra latın qrafikalı Azərbaycan əlifbasına keçid həyata keçirildi. Bu hadisə Azərbaycan dövlətçiliyinin və milli dəyərlərinin möhkəmlənməsində mühüm addım oldu.

Azərbaycan dili zəngin fonetik, qrammatik və leksik quruluşa malik olmaqla, əsrlər boyu xalqımızın düşüncə tərzini, həyat tərzini, dünya görüşünü ifadə etmişdir. Bu dil Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər böyük söz ustadlarının əsərlərində özünün ən gözəl və ən parlaq ifadəsini tapmışdır.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də Azərbaycan dili haqqında etdiyi çıxışlarda Azərbaycan dilinə dəyər verməyin vacibliyi qeyd olunur. Prezidentin çıxışlarından birində qeyd etdiyi kimi, müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi mühim və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirmiş və milli kitabxana fondunu zənginləşdirmişdir. Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

İldırım Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button