AnalitikaGündəmSiyasət

Ağdam cənnətə çevrilir

20 Noyabr – Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu.

Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Otuz ilə yaxın müddətdə rayonun bütün sərvətləri talan edilib. İşğaldan əvvəl rayon ərazisində 3006 hektar meşə sahəsi var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları quldurların əsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il mayın 2-də Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2 ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.

Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub. Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun üçün qəribsəyən və geri dönmək üçün darıxan doğma sakinlərinin yolunu gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeni abad küçə və prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərini qoynuna alacağı və çal-çağırlı günləri uzaqda deyil.

Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button