AnalitikaGündəmSiyasət

28 May – Müstəqillik Günü: Tarixi İrsimiz və Dövlətçilik Yolumuzdur

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində milli oyanışın, azadlıq ideallarının və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündür. Bu tarixi hadisə təkcə xalqımızın ilk müstəqil dövlətini qurmaq iradəsini deyil, həm də Şərqdə ilk demokratik respublikanın əsasının qoyulmasını simvolizə edir.

Azərbaycan Xalq Cümhuriyyəti yalnız 23 ay yaşasa da, öz varlığı ilə millətimizin dövlət qurmaq əzmini və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın sovet işğalından sonra müstəqilliyinin bərpası 1991-ci ildə reallaşsa da, bu müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək heç də asan olmadı. 1990-cı illərin əvvəllərindəki siyasi və iqtisadi xaos, separatizm meyilləri, Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı ölkəmizi parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini real məzmuna çevirdi. Onun müdrik siyasəti nəticəsində ölkəmizdə sabitlik təmin olundu, dövlətçilik əsasları möhkəmləndirildi, neft strategiyası və xarici əlaqələr sistemli şəkildə quruldu.

Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan öz iqtisadi, siyasi və hərbi qüdrətini durmadan artırır, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu Zəfər Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açdı – artıq biz qalib, suveren və güclü bir dövlətik.

Bu gün 28 May tarixini qeyd etməklə yalnız keçmişimizi xatırlamırıq, həm də gələcəyə olan vətənpərvərlik borcumuzu, dövlətçiliyimizə sadiqliyimizi bir daha nümayiş etdiririk. Müstəqillik bizim ən böyük milli sərvətimiz, tarixi yaddaşımız və gələcəyə inamımızın təməlidir.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button