AnalitikaGündəmSiyasət

28 May milli kimliyimizin və dövlətçilik ənənələrimizin simvoludur

28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür. XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. 28 May milli kimliyimizin və dövlətçilik ənənələrimizin simvoludur.

Azərbaycan Respublikası 1991-ci ildə qəbul etdiyi “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu təsdiqlədi. Bu, yalnız hüquqi sənəd yox, həm də bir ideoloji və mənəvi bağ idi. 2007-ci ildə İstiqlal Bəyannaməsi abidəsinin Bakıda ucaldılması Prezident İlham Əliyevin bu dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Bu abidə, eyni zamanda, xalqımızın keçmişə olan ehtiramının və gələcəyə olan inamının rəmzidir.

Prezident İlham Əliyev çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətini milli dövlətçiliyimizin başlanğıcı kimi qiymətləndirir və onun qoyduğu ideyaların bu gün reallığa çevrildiyini vurğulayır. 2018-ci ilin AXC-nin 100 illiyi münasibətilə respublika səviyyəsində keçirilən tədbirlər, “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan olunması dövlətçilik irsinə verilən yüksək dəyərin bariz nümunəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun siyasi və mənəvi irsi bu gün müstəqil Azərbaycan Respublikasının dayanıqlı inkişafında yaşamaqdadır. Bu irs Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə daha da möhkəmləndirilmiş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq nüfuzu ilə tamamlanmışdır. AXC-nin idealları bu gün Azərbaycan xalqının milli vəhdət, müstəqillik və tərəqqi yolunda aparıcı bələdçisinə çevrilmişdir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button