
Tarix hər bir xalqın kimliyini, milli yaddaşını və gələcək yol xəritəsini müəyyən edən bir güzgüdür. Azərbaycan xalqı üçün 15 iyun təkcə təqvimdə qeyd olunan bir bayram deyil – bu gün xalqın qurtuluşa, sabitliyə və gələcəyə qovuşduğu, tarixin axarını dəyişdirən gün kimi əbədiləşmişdir. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın siyasi, sosial və iqtisadi sisteminin yenidən qurulmasının təməlini qoymuş, müstəqillik tariximizin dönüş nöqtəsinə çevrilmişdir.
1991-ci ildə müstəqillik əldə edən Azərbaycan, təəssüf ki, suverenliyinin ilk illərində böyük daxili və xarici təhlükələrlə üz-üzə qaldı. Yeni yaranmış dövlətin təcrübəsiz rəhbərliyi ölkəni idarə etmək iqtidarında deyildi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüş, Qarabağ cəbhəsində ardıcıl məğlubiyyətlər yaşanmışdı. Dövlət idarəçiliyində xaos hökm sürür, iqtisadi iflas, sosial narazılıq, bölgələrdə separatizm meylləri və ordu daxilində parçalanmalar günbəgün artırdı.
1993-cü ilin iyununda Gəncə hadisələri ilə ölkədə faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi yaranmış, Azərbaycan parçalanma astanasına gəlmişdi. Bu ağır və taleyüklü dövrdə xalqın tək ümid yeri, siyasi təcrübəsi və dövlətçilik baxışı ilə fərqlənən bir liderə – Heydər Əliyevə yönəldi.
Ulu öndər Heydər Əliyev 1990-cı ildən etibarən siyasi təzyiqlərə baxmayaraq Naxçıvanda fəaliyyətini davam etdirir, Azərbaycanın milli maraqlarını qorumaq üçün mübarizəsini səngitmirdi. 1993-cü ilin iyununda xalqın və siyasi dairələrin təkidli tələbi ilə Bakıya dəvət olunması, 15 iyun tarixində isə Milli Məclisin sədri seçilməsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu gün rəsmi olaraq Milli Qurtuluş Günü kimi qeyd olunur.
Heydər Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və xalqla qurduğu sarsılmaz bağ ölkədə qısa zamanda sabitliyin bərpasına səbəb oldu. Silahlı qiyamlar yatırıldı, separatizm meylləri zərərsizləşdirildi, ordu yenidən qurulmağa başlandı. Xarici siyasətdə balanslı və praqmatik xətt yürüdüldü, Azərbaycan beynəlxalq təcriddən çıxaraq dünya birliyinə inteqrasiya yolunda addımladı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı yalnız siyasi böhrandan çıxış deyildi. Bu, yeni dövlətçilik fəlsəfəsinin – sabitlik üzərində qurulan inkişaf modelinin əsasını qoydu. Əsası ümummilli lider tərəfindən qoyulan bu yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycan müstəqil xarici siyasət kursu ilə beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış, regionda sülhün və təhlükəsizliyin təminatçısına çevrilmişdir. Neft strategiyası, beynəlxalq layihələrdə iştirak, iqtisadi modernizasiya və sosial rifah proqramları 15 iyun Qurtuluş Günündə atılan addımların bəhrəsidir.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi yalnız bir hərbi zəfər deyildi. Bu, Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun, milli həmrəyliyin və dövlətçilik ideologiyasının parlaq nəticəsi idi. Prezident İlham Əliyevin qətiyyəti, diplomatik məharəti və hərbi siyasi liderliyi sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi.
Bugünkü qüdrətli, qalib Azərbaycan dövləti 1993-cü ilin 15 iyununda başlayan qurtuluş prosesinin məntiqi davamıdır. Əgər o dövrdə xalqın iradəsi ilə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün müstəqil, güclü və suveren Azərbaycan dövlətindən danışmaq mümkünsüz olardı.
15 İyun – Milli Qurtuluş Günü təkcə keçmişin yox, həm də gələcəyin bayramıdır. Bu gün bizi tarixi yaddaşımızla birləşdirir, gələcəyə daha inamla baxmağımıza zəmin yaradır. Heydər Əliyev siyasi məktəbinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bugünkü inkişafını, qlobal gücə çevrilməsini və regionda söz sahibi olmasını məhz Qurtuluş Günü ilə başlanan yolun uğuru sayəsində əldə edib.
Bu gün biz yalnız qeyd etmirik – həm də dərk edirik ki, milli dövlətçiliyin qorunması, xalqın rifahı və Azərbaycanın daha böyük hədəflərə çatması üçün 15 iyunun mesajı daim yaşamalı, qurtuluş ruhu gələcək nəsillərə ötürülməlidir.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi