
Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü, yalnız bir təqvim günü deyil, həm də xalqımızın iradəsinin, milli birliyinin və dövlətçiliyimizin simvoludur. Bu gün, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın uçurumun kənarından xilas edilərək sabitlik, inkişaf və müstəqillik yoluna qədəm qoyduğu dönüş nöqtəsidir. Onun xalqına olan sonsuz sədaqəti və güclü siyasi iradəsi sayəsində Azərbaycan müstəqil bir dövlət kimi öz varlığını qoruyub saxladı və gələcəyə doğru inamla irəlilədi. 1987-ci ilin oktyabrında Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyindən istefa verməsi Azərbaycanın gələcəyində ağır və faciəli proseslərin başlanğıcını qoydu. O, Sovet rəhbərliyinin – xüsusilə də Baş katib Mixail Qorbaçovun həyata keçirdiyi siyasətlə razılaşmayaraq, etiraz əlaməti olaraq yüksək vəzifələrdən istefa verdi. Onun hakimiyyətdən getməsi ilə ölkədə siyasi təcrübəsizlik, rəhbərlik boşluğu və milli maraqlara biganə münasibət dərinləşdi. Cəmi iki həftə sonra isə erməni millətçiləri və onların sovet hökumətindəki havadarları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi məsələsini qaldırdılar. Bu, xalqımızın üzərinə faciələrin, etnik təmizləmələrin və müharibənin gətirilməsi ilə nəticələndi. Əgər Heydər Əliyev o dövrdə hakimiyyətdə olsaydı, bu cür mənfur planların həyata keçirilməsi mümkünsüz olardı. Onun siyasi uzaqgörənliyi, sərt və qətiyyətli mövqeyi, xalqla olan bağlılığı erməni separatizminin qarşısında ciddi sədd olardı. Lakin onun hakimiyyətdən uzaqlaşdırılması Azərbaycanın zəif düşməsinə və xarici qüvvələrin təsiri altına düşməsinə səbəb oldu. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, ilk illərdə daxili çəkişmələr, idarəolunmazlıq və vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qaldı. Dövlət institutları iflic vəziyyətə düşdü, iqtisadi və sosial sahədə tam xaos hökm sürdü. 1993-cü ildə isə ölkədə baş verən siyasi böhran artıq dövlətçiliyimizin mövcudluğunu sual altına almışdı. Belə bir məqamda xalqın təkidi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Məhz bu tarix Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə düşdü. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar oldu, qanunsuz silahlı dəstələr ləğv edildi, xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan strategiya formalaşdı. Onun rəhbərliyi ilə qəbul olunan yeni Konstitusiya, hüquqi dövlətin əsasını qoydu. Neft strategiyası həyata keçirildi, “Əsrin müqaviləsi” imzalanaraq ölkəyə milyardlarla sərmayə axını təmin olundu. Eyni zamanda, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı və milli maraqlara əsaslanan xarici siyasət yürüdüldü. Heydər Əliyev öz həyatını və fəaliyyətini Azərbaycan xalqına həsr etmiş böyük dövlət xadimi idi. Onun məşhur ifadəsi – “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – xalqına olan sevgisinin və sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu gün müstəqil, güclü və sabit Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin əsəridir. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Bu Zəfər də məhz 15 İyun 1993-cü ildə qoyulan təməl üzərində mümkün oldu. Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün dövlətçilik dərsi, vətənə bağlılıq nümunəsi və birlik çağırışıdır.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi