AnalitikaGündəmSiyasət

ÜÇRƏNGLİ BAYRAĞIMIZIN HƏR RƏNGİNDƏ TARİXİMİZ YAŞAYIR

Azərbaycanın Dövlət Bayrağı özündə xalqımızın tarixi, mədəniyyəti və dünyagörüşü ilə bağlı mühüm mənaları birləşdirir. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan üçrəngli bayraq milli kimliyimizin, müasir inkişaf düşüncəmizin və mənəvi dəyərlərimizin rəmzidir. Bu rənglər Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi arasında mənəvi körpü yaradır.

Bayrağın mavi rəngi türk mənşəyimizi və türk xalqları ilə ortaq tarixi-mədəni bağlılığımızı ifadə edir. Bu rəng xalqımızın etnik köklərinə, dilinə və milli kimliyinə ehtiramın rəmzidir. Azərbaycan xalqı öz tarixi köklərini qorumaqla yanaşı, zəngin mədəni irsini də gələcək nəsillərə ötürür.

Qırmızı rəng müasirlik, inkişaf və tərəqqi ideyalarını təcəssüm etdirir. Bu rəng Azərbaycan xalqının elmi, mədəni və texnoloji inkişaf yoluna sadiqliyini ifadə edir. Müasir Azərbaycan dövlətinin quruculuq siyasətində təhsil, innovasiya, iqtisadi inkişaf və sosial tərəqqi mühüm yer tutur.

Yaşıl rəng İslam sivilizasiyasına və mənəvi dəyərlərimizə bağlılığımızı əks etdirir. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olmuşdur. Xalqımız dini və mənəvi irsini qoruyaraq tolerantlıq, qarşılıqlı hörmət və multikulturalizm ənənələrini inkişaf etdirmişdir.

Üç rəngin bir bayraq üzərində birləşməsi Azərbaycan xalqının bütövlüyünü və milli ideallarının vəhdətini göstərir. Bayrağımızın hər dalğalanışında tariximizə ehtiram, bu günümüzə inam və gələcəyimizə ümid ifadə olunur. Bu müqəddəs rəmz hər zaman xalqımızın qürur mənbəyi olaraq qalacaqdır.

Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button