AnalitikaGündəmSiyasət

DÖVLƏT BAYRAĞI AZƏRBAYCAN XALQININ MÜSTƏQİLLİK RƏMZİDİR

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın əsrlər boyu qoruyub saxladığı azadlıq düşüncəsinin və milli dövlətçilik ənənələrinin parlaq ifadəsidir. Üçrəngli bayrağımız müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınmasının, milli birliyimizin və suverenliyimizin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Bu bayrağa baxarkən xalqımızın keçdiyi tarixi yol, qazandığı uğurlar və gələcəyə olan inamı göz önündə canlanır.

Bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövrünə gedib çıxır. 1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını ifadə edirdi. Həmin dövrdə Azərbaycan xalqı öz müqəddəratını müəyyən etmək, müstəqil dövlət qurmaq və milli dəyərlərini yaşatmaq əzmini nümayiş etdirmişdi.

Üçrəngli bayrağın yenidən dövlət rəmzi kimi qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. 1990-cı il noyabrın 17-də Naxçıvanda keçirilən sessiyada bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi milli müstəqillik yolunda mühüm siyasi addım idi. Bu qərar xalqımızın tarixi yaddaşına və milli iradəsinə verilən yüksək qiymətin təzahürü idi.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dövləti bayrağımızın qorunmasına və təbliğinə xüsusi diqqət yetirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət rəmzlərinə hörmət, milli kimliyin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Dövlət Bayrağı Meydanlarının yaradılması və bayrağımızın ölkənin müxtəlif guşələrində ucaldılması bu diqqətin bariz nümunəsidir.

Dövlət Bayrağı hər bir azərbaycanlı üçün qürur, məsuliyyət və Vətən sevgisi deməkdir. Onun ucalığı xalqımızın birliyindən, dövlətimizin gücündən və müstəqilliyimizin əbədiliyindən xəbər verir. Bayrağımızı sevmək, ona hörmət etmək və onun təmsil etdiyi dəyərləri qorumaq hər bir vətəndaşın mənəvi borcudur.

Aysel Əliyeva,
YAP Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 56” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button