Şuşa Zəfəri – Azərbaycan xalqının milli özünəinamının təntənəsi

Xalqın öz tarixinə, dövlətinə və gələcəyinə inamı milli inkişafın mühüm şərtlərindən biridir. Şuşanın azad edilməsi Azərbaycan xalqında milli özünəinamı daha da gücləndirən tarixi hadisə oldu. Bu qələbə göstərdi ki, xalqın birliyi, dövlətin qətiyyəti və ordunun peşəkarlığı bir məqsəd ətrafında birləşdikdə ən mürəkkəb vəzifələr belə yerinə yetirilə bilər.
Uzun illər Şuşanın işğal altında qalması hər bir azərbaycanlının qəlbində dərin ağrı yaradırdı. Buna baxmayaraq, xalqımız şəhərin azad olunacağına inamını itirmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz potensialını artırdı, beynəlxalq mövqelərini möhkəmləndirdi və güclü ordu formalaşdırdı.
Vətən müharibəsi zamanı Azərbaycan əsgərləri yüksək döyüş ruhu və qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı azad etdilər. Şuşa əməliyyatı isə bu mübarizənin ən parlaq nəticələrindən biri oldu. Dağlıq ərazidə həyata keçirilən mürəkkəb əməliyyat hərbçilərimizin peşəkarlığını və xalqımızın qələbə əzmini bütün dünyaya göstərdi.
Şuşanın azad edilməsi xəbəri ölkənin hər yerində böyük sevinc yaratdı. İnsanlar küçələrə çıxaraq Azərbaycan Bayraqları ilə qələbəni qeyd etdilər. Bu sevinc yalnız bir şəhərin azadlığına görə deyildi; bu, illərlə davam edən həsrətin, mübarizənin və inamın gerçəkləşməsi idi. Şuşa Zəfəri xalqımızın milli özünəinamının yeni mərhələsini formalaşdırdı.
Bu gün Şuşanın bərpası və inkişafı həmin inamın davamıdır. Azərbaycan xalqı azad etdiyi torpaqlarda yeni həyat qurur, tarixi abidələrini qoruyur və gələcək nəsillər üçün möhkəm təməl yaradır. Şuşa Şəhəri Günü milli qürurumuzun və qalib xalq olduğumuzun təntənəsidir.
Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri



