Şuşa Zəfəri – güclü dövlət və güclü ordunun nəticəsi

Müstəqil Azərbaycanın son illərdə əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri ərazi bütövlüyünün bərpası və Şuşanın işğaldan azad edilməsidir. Bu uğurun arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, iqtisadi inkişaf, hərbi quruculuq və milli həmrəyliyin gücləndirilməsi dayanır. Şuşa Zəfəri güclü dövlət və güclü ordu modelinin real nəticəsi kimi tarixə düşüb.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusunun maddi-texniki bazası yeniləndi, müasir silah və texnologiyalarla təchizatı genişləndirildi, hərbi qulluqçuların peşə hazırlığına xüsusi diqqət yetirildi. Həyata keçirilən islahatlar Ordumuzun döyüş qabiliyyətini yüksəltdi və onu regionun ən güclü hərbi qüvvələrindən birinə çevirdi. Vətən müharibəsi bu hazırlığın real döyüş meydanında öz təsdiqini tapdığını göstərdi.
Şuşa əməliyyatı hərbi hazırlığın, taktiki çevikliyin və şəxsi heyətin yüksək döyüş ruhunun vəhdətini nümayiş etdirdi. Azərbaycan hərbçiləri ən çətin relyef şəraitində belə irəliləyərək şəhəri azad etdilər. Bu qələbə sübut etdi ki, müasir hərbi texnologiyalarla yanaşı, insan amili, peşəkarlıq və qətiyyət də həlledici rol oynayır.
Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə genişmiqyaslı quruculuq işləri aparılmağa başladı. Yeni infrastrukturun yaradılması, tarixi abidələrin bərpası, sosial obyektlərin istifadəyə verilməsi və əhalinin geri qayıdışı dövlətin azad edilmiş ərazilərin inkişafına verdiyi önəmin göstəricisidir.
Bu gün Şuşa Azərbaycan dövlətinin qüdrətini, xalqımızın birliyini və Ordumuzun gücünü təcəssüm etdirir. Şuşa Şəhəri Günü bizə xatırladır ki, güclü dövlətçilik, milli birlik və peşəkar ordu hər bir xalqın gələcəyinin təminatıdır. Bu Zəfər Azərbaycan tarixində daim yaşayacaq.
Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri



