
Dövlət bayrağı hər bir xalqın tarixini, milli kimliyini və müstəqillik iradəsini əks etdirən müqəddəs rəmzdir. Azərbaycanımızın üçrəngli bayrağı da dövlətçilik ənənələrimizin, milli-mənəvi dəyərlərimizin və azadlıq mübarizəmizin təcəssümüdür.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayrağımız qəbul edilmişdir. Mavi rəng türkçülüyü, qırmızı müasirliyi və inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, müstəqillik ideyası xalqımızın yaddaşında yaşadı. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yenidən dövlət bayrağı kimi qəbul edilən üçrəngli bayrağımız 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu qazandı.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması xalqımıza böyük qürur yaşatdı. Lakin bu qürurun arxasında Vətən torpağının azadlığı uğrunda canından keçən minlərlə qəhrəman şəhidimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi dayanır. Bu gün azad səmalarda dalğalanan hər bir bayrağımız şəhidlərimizin yarımçıq qalan arzularının, Vətən sevgisinin və əbədi qəhrəmanlığının təcəssümüdür. Onların bizə əmanət etdiyi müstəqil Azərbaycanı qorumaq hər birimizin müqəddəs borcudur. Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq!
Bayrağımız bizim tariximiz, kimliyimiz və gələcək nəsillərə əmanətimizdir. Onu qorumaq və daim uca tutmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Müstəqilliyimiz əbədi, dövlətimiz qüdrətli olsun!
Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini



