AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin təntənəsidir

Azərbaycan xalqının müasir tarixində Qubadlı şəhərinin işğaldan azad edilməsi xüsusi yer tutur. 2020-ci il oktyabrın 25-də əldə olunan bu qələbə ərazi bütövlüyümüzün bərpasına aparan yolda mühüm mərhələ oldu. Qubadlının azadlığı uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdış ümidlərini gücləndirdi və milli qürurumuzun daha da yüksəlməsinə səbəb oldu.

Bu tarixi nailiyyət Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Müzəffər Ali Baş Komandan kimi fəaliyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində mümkün oldu. Vətən müharibəsi dövründə dövlət başçısının nümayiş etdirdiyi siyasi iradə, ardıcıl strategiya və xalqa ünvanlanan müraciətləri cəmiyyətdə qələbəyə inamı möhkəmləndirdi. Dövlət, xalq və ordu birliyi Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasında mühüm rol oynadı.

Qubadlı əməliyyatı hərbi-strateji baxımdan böyük əhəmiyyət daşıyırdı. Cəbrayıl və Zəngilan istiqamətlərində əldə edilən uğurlar Ordumuzun Qubadlıya doğru irəliləməsinə imkan yaratdı. Şəhərin və ətraf kəndlərin azad olunması düşmənin müdafiə imkanlarını zəiflətdi, Laçın istiqamətində əməliyyatların davam etdirilməsi üçün əlverişli şərait formalaşdırdı.

Qubadlının azadlığı uğrunda döyüşlərdə Azərbaycan əsgər və zabitləri misilsiz şücaət göstərdilər. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və hərbçilərimizin peşəkarlığı bu qələbənin mənəvi əsasını təşkil edir. Onların Vətən uğrunda göstərdiyi rəşadət Azərbaycan tarixində daim ehtiramla xatırlanacaq.

Bu gün Qubadlıda aparılan bərpa və quruculuq işləri tarixi Zəfərin davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə yaşayış məntəqələri, yollar, məktəblər və enerji infrastrukturu yaradılır. Qubadlının dirçəlişi xalqımızın quruculuq əzmini, dövlətimizin imkanlarını və Böyük Qayıdış siyasətinin əhəmiyyətini nümayiş etdirir.

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button