
2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrin növbəti təzahürü oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini, beynəlxalq hüquqa münasibətini və regional təhlükəsizliyin möhkəmləndirilməsinə dair mövqeyini əks etdirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşən mühüm strateji mövqeyini vurğulayaraq ölkəmizin Avrasiya məkanında birləşdirici körpü rolunu qeyd etdi. Azərbaycanın müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı beynəlxalq əlaqələrin genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və regional təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasətinin suveren bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsiplərinə əsaslandığını bildirdi. Prezident beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının, beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl şəkildə tətbiq edilməsinin vacibliyini diqqətə çatdırdı. O, həmçinin beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlərin əhəmiyyətini vurğuladı.
Çıxışda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, Ermənistanla münaqişənin tarixi nəticələri və regionda davamlı sülhün təmin olunması məsələlərinə xüsusi yer ayrıldı. Prezident İlham Əliyev Azərbaycanın müharibədən sonra Ermənistana sülh təklif etdiyini qeyd edərək əldə olunmuş sülhün qorunmasının və möhkəmləndirilməsinin vacibliyini bildirdi. Bu mövqe Azərbaycanın regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına verdiyi önəmi göstərir.
AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsi də Prezidentin çıxışının əsas istiqamətlərindən biri oldu. Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional potensialının gücləndirilməsi, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Laos Xalq Demokratik Respublikasının təşkilata üzv qəbul edilməsi isə AQEM-in əhatə dairəsinin genişlənməsi və Asiyada dialoq imkanlarının artması baxımından əlamətdar hadisədir.
Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il uzadılmasına göstərilən dəstək ölkəmizin beynəlxalq tərəfdaşlar arasında qazandığı etimadın göstəricisidir. Bu qərar Azərbaycanın çoxtərəfli əməkdaşlığın inkişafında fəal rolunun davam etdirilməsi üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin VII Zirvə Toplantısındakı çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan siyasət həyata keçirir. Bakı Zirvə Toplantısı ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi və ortaq təhlükəsizlik maraqlarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Əminliklə demək olar ki, Azərbaycanın AQEM çərçivəsində həyata keçirdiyi təşəbbüslər gələcəkdə də regional əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verəcəkdir.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi


