AnalitikaGündəmSiyasət

Füzulinin azad olunması Azərbaycanın diplomatik və hərbi iradəsinin təzahürüdür

Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də azad edilməsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında Azərbaycan Ordusu qarşıya qoyulan məqsədlərə doğru qətiyyətlə irəlilədi. Bu qələbə ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan mübarizənin mühüm nəticəsi idi.

Vətən müharibəsi zamanı hərbi əməliyyatlarla yanaşı, beynəlxalq informasiya və diplomatik müstəvidə də fəal fəaliyyət göstərilirdi. Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinə müsahibələrində Azərbaycanın mövqeyini açıqlayır, münaqişənin tarixi və hüquqi tərəfləri barədə məlumat verirdi. Bu fəaliyyət ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyət daşıyırdı.

Füzuli uğrunda döyüşlər Azərbaycan Ordusunun hazırlığını və əməliyyat imkanlarını nümayiş etdirdi. Uzun illər möhkəmləndirilmiş müdafiə xəttinin yarılması hərbi peşəkarlıq və koordinasiya tələb edirdi. Azərbaycan hərbçilərinin qəhrəmanlığı nəticəsində şəhərin azad olunması cənub istiqamətində sonrakı əməliyyatlar üçün də əlverişli şərait yaratdı.

Qələbədən sonra dövlət siyasətinin diqqət mərkəzində azad edilmiş ərazilərin bərpası və sakinlərin geri qayıdışı dayandı. Füzulidə həyata keçirilən infrastruktur layihələri şəhərin iqtisadi və sosial potensialını yenidən formalaşdırır. Hava limanı, yollar, yaşayış məntəqələri və ictimai obyektlər bölgənin əlaqələrinin güclənməsinə xidmət edir.

Füzuli Şəhəri Günü hərbi qələbə ilə siyasi iradənin və quruculuq əzminin vəhdətini nümayiş etdirir. Prezident İlham Əliyevin fəaliyyəti şəhərin azad olunması ilə yanaşı, onun gələcək inkişafı üçün şərait yaradılması ilə də xarakterizə olunur. Füzulinin dirçəlişi Azərbaycanın suverenliyinin və milli inkişaf strategiyasının mühüm göstəricisidir.

Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button