AnalitikaGündəmSiyasət

Bakı Zirvə Görüşünün əhəmiyyəti və Azərbaycanın regional rolu

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq miqyasda mühüm siyasi-diplomatik mərkəzə çevrilmiş, qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu nüfuzlu platformaların ev sahibinə çevrilmişdir.

Bakı şəhərinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşünə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun və qlobal miqyasda etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir.

Prezident İlham Əliyev tədbirdə iştirak edərək proqram xarakterli və genişmiqyaslı nitq söyləmişdir. Dövlət başçısının bu mötəbər tədbirdəki çıxışı qitələrarası əməkdaşlıq, geosiyasi sabitlik, nəqliyyat-tranzit dəhlizləri, yaşıl enerji və postmünaqişə dövründə bərpa-quruculuq işləri baxımından mühüm strateji tezislərlə zəngin olmuşdur. Prezident İlham Əliyev öz çıxışında bu mühüm məqamı vurğulayaraq qeyd etmişdir: “Azərbaycan Asiya və Avropa arasında körpü rolunu oynayaraq qarşılıqlı etimadın və təhlükəsizliyin möhkəmləndirilməsinə hər zaman mühüm töhfə verir.” Dövlət başçısının bu fikri ölkəmizin xarici siyasətində Asiya istiqamətinin prioritetliyini və qitələrarası əlaqələrin dərinləşdirilməsinə verilən önəmi nümayiş etdirir.

Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də geostrateji baxımdan sabitlik adası kimi çıxış edir. Bu baxımdan, AQEM kimi geniş coğrafiyanı əhatə edən təsisat çərçivəsində Bakının mərkəzə çevrilməsi təsadüfi deyil.

Müasir dünyada təchizat zəncirlərinin şaxələndirilməsi və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi hər bir dövlətin iqtisadi müstəqilliyinin əsas şərtlərindən biridir. Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında nəqliyyat və kommunikasiya xəttlərinin genişləndirilməsinin vacibliyini xüsusi vurğulamışdır: “Şəq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin potensialının tam gücü ilə reallaşdırılması region ölkələrinin iqtisadi inkişafına və ticarət dövriyyəsinin artmasına güclü təkan verir.”

Ölkəmiz son illərdə dəmir yolları, avtomobil magistralları və Xəzər dənizindəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəhəng infrastruktur layihələrinə milyardlarla dollar investisiya yatırmışdır. Azərbaycan lideri bu layihələrin həm Asiya, həm də Avropa ölkələri üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaratdığını diqqətə çatdırmışdır.

Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və bərpaolunan enerji mənbələrinə keçid dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan ənənəvi karbohidrogen ehtiyatları ilə yanaşı, bərpaolunan yaşıl enerji sahəsində də regional liderə çevrilməkdədir. Prezident İlham Əliyev bu barədə danışaraq bildirmişdir: “Biz Xəzər dənizinin külək və günəş enerjisi potensialından istifadə etməklə yaşıl enerjinin Avropaya və digər bazarlara nəqli istiqamətində mühüm addımlar atırıq.”

Ölkəmizin təşəbbüçüsü olduğu Qara dəniz yaşıl enerji kabeli layihəsi və Mərkəzi Asiya regionu ilə enerji körpülərinin qurulması bu siyasətin bariz nümunəsidir. Dövlət başçısı qlobal miqyasda ekoloji tarazlığın qorunması naminə Asiya ölkələrinin birgə səy göstərməsinin zəruriliyini vurğulamışdır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərində miqyaslı bərpa və yenidənqurma işlərini uğurla həyata keçirir, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qətiyyətli addımlar atır. Prezident İlham Əliyev çıxışında bölgədə yaranmış yeni reallıqlara toxunaraq qeyd etmişdir: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bölgədə uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inteqrasiyanın bərqərar olması üçün tarixi imkanlar yaranıb.”

Dövlət başçısı işğaldan azad edilən torpaqlarda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrindən, eləcə də məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesindən bəhs etmişdir. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılmasının bütün region ölkələri, o cümlədən Asiya ilə Avropa arasındakı nəqliyyat əlaqələri üçün yeni üfüqlər açacağı diqqətə çatdırılmışdır.

Asiya regionunda etimad mühitinin gücləndirilməsi və təhlükəsizlik çağırışlarına qarşı kollektiv mübarizə mexanizmlərinin təkmilləşdirilməsi Zirvə Görüşünün əsas müzakirə mövzularından biri olmuşdur. Prezident İlham Əliyev beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həmrəyliyin vacibliyini qeyd etmişdir. Çıxışda həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və sərhədlərin toxunulmazlığına hörmət edilməsinin hər hansı bir regional təhlükəsizlik sisteminin təməl daşı olduğu vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki dərin məzmunlu çıxışı ölkəmizin daxili və xarici siyasətinin əsas prioritetlərini bir daha bütün dünyaya bəyan etmişdir.

Nəqliyyat dəhlizləri, yaşıl enerji, iqtisadi tərəqqi, regional sülh və qarşılıqlı etimad prinsiplərinə əsaslanan bu mövqe Azərbaycanın qlobal miqyasda söz sahibinə çevrildiyini təsdiqləyir.

Bakı Zirvə Görüşü çərçivəsində səsləndirilən fikirlər və qəbul edilən qərarlar Asiya qitəsində sabitliyin və inkişafın təmin olunmasında mühüm mərhələ təşkil edəcəkdir.

Bəhman Hüseynov,
Nizami Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button