
Azərbaycanın siyasi tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi mühüm hadisələrdən biri kimi diqqət çəkir. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev iştirak edib və nitq söyləyib. Qurultayda Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, müasir dövrün siyasi və geosiyasi reallıqları, dövlətin qarşısında duran yeni vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.
VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilməsidir. Bu baxımdan qurultay YAP-ın fəaliyyətində yeni tarixi mərhələnin müzakirə edildiyi tədbir kimi də xarakterizə olunur.
Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələləri ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayı ölkədə mürəkkəb siyasi proseslərin getdiyi bir dövrə təsadüf edib. VIII Qurultayda həmin illərin reallıqları xatırlanaraq Azərbaycanın dövlət müstəqilliyinin qorunması və siyasi sabitliyin təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasını cəmiyyətdə mövcud olan siyasi tələbatla əlaqələndirib. Həmin dövrdə Azərbaycan ciddi siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzə idi. Ölkənin ərazi itkiləri ilə qarşılaşması, qaçqın və məcburi köçkün probleminin yaranması, iqtisadi çətinliklər və dövlət idarəçiliyində mövcud problemlər müstəqil Azərbaycanın qarşısında mürəkkəb vəzifələr formalaşdırmışdı.
Qurultayda qeyd olunan tarixi məqamlar YAP-ın fəaliyyətinin yalnız partiya strukturu çərçivəsində deyil, Azərbaycanın siyasi tarixinin ayrı-ayrı mərhələləri ilə əlaqəli şəkildə nəzərdən keçirilməsinə imkan verir. Təsis qurultayından sonrakı dövrdə ölkənin siyasi və iqtisadi inkişafında baş verən dəyişikliklər, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha fəal inteqrasiyası və xarici tərəfdaşlarla əlaqələrin genişlənməsi tədbirdə səsləndirilən fikirlər sırasında olub.
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi VIII Qurultayın diqqət yetirdiyi əsas istiqamətlərdən biridir. Prezidentin çıxışında Azərbaycanın müxtəlif dövlətlərlə əlaqələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməsi barədə fikirlər səsləndirilib. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq formatlarının mövcudluğu, Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin, ABŞ ilə isə Strateji Xartiyanın yaradılması xarici siyasət sahəsində son dövrün əsas hadisələri kimi qeyd olunub.
Bu yanaşma Azərbaycanın xarici siyasətində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələsini önə çıxarır. Qurultayda Azərbaycan üçün mühüm olan əsas məsələlərdən birinin milli maraqların qorunması olduğu vurğulanıb. Eyni zamanda ölkənin müxtəlif beynəlxalq platformalarda fəal iştirak etməsi və qarşılıqlı etimad əsasında əlaqələrin qurulması məsələləri diqqətə çatdırılıb.
VIII Qurultayda Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələr də geniş şəkildə nəzərdən keçirilib. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkənin müasir tarixinin əsas hadisələri sırasında göstərilib. Prezident İlham Əliyev bu iki hadisənin yalnız Azərbaycan üçün deyil, regional və beynəlxalq münasibətlər baxımından da əhəmiyyət daşıdığını bildirib.
Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra Azərbaycanın qarşısında yeni vəzifələr meydana çıxıb. Bu vəzifələrin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Qurultayda verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzurda artıq 96 min insan yaşayır, işləyir və təhsil alır. Həmin ərazilərin inkişafına 28 milyard manat vəsait ayrılıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən işlər yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Regionda yolların, enerji və kommunal sistemlərin, məktəblərin, tibb müəssisələrinin və digər sosial obyektlərin yaradılması genişmiqyaslı quruculuq prosesinin əsas hissəsini təşkil edir. Qurultayda 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşmasının təmin edilməsi də qeyd olunub. Digər tərəfdən, müasir dövrün çağırışları partiya fəaliyyətinin qarşısında yeni tələblər qoyur. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial media, kiberməkan və süni intellekt informasiya mühitini əvvəlki dövrlərdən fərqli hala gətirib. VIII Qurultayda ideoloji təhlükəsizliyin də dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb.
Bu çərçivədə təhsilin və maarifləndirmənin rolu xüsusi qeyd edilib. Məlumatlı və savadlı cəmiyyətin müxtəlif informasiya manipulyasiyalarına qarşı daha dayanıqlı olması məsələsi diqqətə çatdırılıb. Partiya fəallarının da müasir kommunikasiya imkanlarından istifadə etməsi və ictimaiyyətlə əlaqələrin yeni üsullarla qurulması barədə fikirlər səsləndirilib.
İqtisadi məsələlər də qurultayın gündəliyində geniş yer tutub. Azərbaycanın enerji resursları, enerji təhlükəsizliyində rolu, neft məhsullarının istehsalı və ixracı, həmçinin nəqliyyat dəhlizləri ölkənin gələcək inkişaf imkanları ilə əlaqələndirilib. Azərbaycan ərazisindən keçən tranzit yüklərin orta müddətdə 30 milyon tona çatdırılması hədəfi də bu istiqamətdə qarşıya qoyulan məqsədlərdən biri kimi açıqlanıb.
YAP-ın VIII Qurultayı partiyanın keçdiyi tarixi yol ilə Azərbaycanın müasir inkişaf mərhələsi arasında əlaqənin müzakirə edildiyi geniş siyasi platforma olub. Tədbirdə Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələləri xatırlanıb, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra yaranmış yeni reallıqlar nəzərdən keçirilib.
Qurultayda səsləndirilən fikirlər göstərir ki, qarşıdakı mərhələdə təhlükəsizlik, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin genişləndirilməsi, informasiya təhlükəsizliyi, Qarabağ və Şərqi Zəngəzurun bərpası və “Böyük Qayıdış” prosesinin davam etdirilməsi əsas istiqamətlər sırasında qalır. Bu baxımdan VIII Qurultay YAP-ın fəaliyyətinin yeni dövr üçün əsas siyasi və təşkilati məsələlərinin müzakirə olunduğu tədbir kimi qiymətləndirilə bilər.
Nigar Abbaszadə,
YAP Nərimanov rayon təşkilatının mühasibi



