
Cəbrayılın azad edilməsinin ən mühüm sosial nəticələrindən biri uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qayıtması üçün real imkanların yaranmasıdır. 2020-ci il oktyabrın 4-də şəhərin azad olunması ilə hərbi mərhələ başlasa da, qarşıda daha mürəkkəb və uzunmüddətli proses dayanırdı. Bu proses işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması, şəhərlərin və kəndlərin yenidən qurulması və nəhayət sakinlərin geri qayıtmasını əhatə edirdi.
Prezident İlham Əliyevin Cəbrayıla münasibətdə həyata keçirdiyi siyasətin əsas xüsusiyyətlərindən biri bərpa prosesinin konkret layihələrlə müşayiət olunmasıdır. Cəbrayıl şəhərində yaşayış kompleksinin inşası, məktəb və digər sosial obyektlərin yaradılması, yolların və enerji sistemlərinin qurulması qayıdış üçün zəruri olan şəhər mühitinin formalaşdırılmasına xidmət edir. Rəsmi məlumatlara əsasən, Cəbrayıl şəhərində ilk yaşayış kompleksində 712 mənzil nəzərdə tutulub.
Böyük Qayıdışın mahiyyəti yalnız mənzil təminatı ilə məhdudlaşmır. Doğma yurda qayıdan insanların burada işləməsi, təhsil alması, tibbi xidmətlərdən yararlanması və sosial həyat qurması üçün kompleks infrastruktur lazımdır. Cəbrayıl üzrə həyata keçirilən layihələrdə yaşayış binaları ilə yanaşı məktəb, səhiyyə obyektləri, yollar, enerji infrastrukturu və iqtisadi fəaliyyət üçün imkanların yaradılması bu kompleks yanaşmanı nümayiş etdirir.
2024-cü il sentyabrın 26-dan etibarən keçmiş məcburi köçkünlərin Cəbrayıla qayıdışının başlanması prosesin yeni mərhələyə keçdiyini göstərdi. Artıq söhbət yalnız tikinti və infrastruktur layihələrindən deyil, insanların öz doğma şəhərlərində gündəlik həyatlarını yenidən qurmasından gedirdi. Bu baxımdan Böyük Qayıdış Cəbrayılın azad edilməsinin sosial davamı kimi çıxış edir.
Cəbrayılın timsalında Prezident İlham Əliyevin postmüharibə siyasətinin mühüm xüsusiyyəti hərbi nəticənin sosial və iqtisadi nəticələrlə tamamlanmasıdır. Şəhərin bərpası yalnız keçmişin dağıntılarının aradan qaldırılması deyil, yeni yaşayış modelinin formalaşdırılması kimi həyata keçirilir. Buna görə Cəbrayılın hekayəsi 4 oktyabr 2020-ci ildən başlayaraq azadlıqdan qayıdışa, qayıdışdan isə davamlı inkişaf mərhələsinə keçidi əks etdirən proses kimi qiymətləndirilə bilər.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini



