AnalitikaGündəmSiyasət

1993-cü ilin siyasi reallıqları və Ulu Öndər Heydər Əliyevin liderlik modeli

Tarixi şəxsiyyətlərin siyasi fəaliyyətini düzgün qiymətləndirmək üçün onların fəaliyyət göstərdiyi dövrün reallıqlarını nəzərə almaq vacibdir. 1993-cü il Azərbaycan üçün siyasi böhranların, təhlükəsizlik problemlərinin və dövlətçilik sınaqlarının üst-üstə düşdüyü mürəkkəb dövr idi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ölkənin siyasi inkişafında yeni mərhələnin başlanmasına səbəb oldu.

Ulu Öndər Heydər Əliyevin liderlik modelinin əsas xüsusiyyətlərindən biri problemlərə sistemli yanaşması idi. O, dövlətin qarşısında duran məsələləri ayrı-ayrı istiqamətlər üzrə deyil, vahid siyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirirdi. Təhlükəsizlik məsələsi iqtisadi sabitliklə, iqtisadi inkişaf siyasi sabitliklə, siyasi sabitlik isə dövlət institutlarının fəaliyyəti ilə əlaqələndirilirdi.

1993-cü il seçki kampaniyası bu baxımdan mühüm siyasi mənbədir. Ulu Öndər Heydər Əliyev müxtəlif görüşlərdə ölkənin qarşısında dayanan problemləri açıq şəkildə müzakirə edir, eyni zamanda onların həlli istiqamətində yanaşmalarını təqdim edirdi. Ziyalılarla görüşdə tarix məsələsinə, gənclərlə görüşdə təhsil və vətənpərvərliyə, müxtəlif sosial qruplarla görüşlərdə isə dövlət idarəçiliyi və təhlükəsizlik məsələlərinə toxunması onun siyasi gündəliyinin genişliyini göstərirdi.

3 oktyabr 1993-cü ildə Prezident seçilməsi Ulu Öndər Heydər Əliyevin siyasi liderliyinə ümumxalq seçkisi əsasında yeni legitimlik qazandırdı. Bu tarixdən sonra qarşıda duran əsas məsələ ölkənin böhran vəziyyətindən çıxarılması ilə yanaşı, dayanıqlı dövlət institutlarının yaradılması idi. Sonrakı Konstitusiya quruculuğu və institusional islahatlar bu istiqamətin davamı oldu.

Bu səbəbdən 3 oktyabr 1993-cü il Ulu Öndər Heydər Əliyevin liderlik modelinin Azərbaycan dövlətçiliyində praktiki siyasi mərhələyə keçid etdiyi tarix kimi də araşdırıla bilər. Bu modelin əsasını dövlətçilik, məsuliyyət, siyasi sabitlik, milli birlik və uzunmüddətli strateji düşüncə təşkil edirdi.

Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button