AnalitikaGündəmSiyasət

2030-cu ilədək müəyyənləşdirilən hədəflər sənaye siyasətinin istiqamətlərini dəqiqləşdirir

2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün konkret zaman çərçivəsi müəyyənləşdirir. Dördillik dövr ərzində yeni yataqların öyrənilməsi, mövcud ehtiyatların qiymətləndirilməsi, sənaye infrastrukturunun yaradılması və emal müəssisələrinin qurulması kimi müxtəlif istiqamətlər üzrə işlərin aparılması nəzərdə tutulur.

Proqramın mühüm hədəflərindən biri istehsal zəncirinin yalnız hasilat mərhələsində dayanmamasıdır. Filizin çıxarılması ilə yanaşı, zənginləşdirmə, emal və metallurgiya müəssisələrinin yaradılması nəzərdə tutulur. Alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması istiqamətində müəyyənləşdirilən hədəf də metallurgiya sahəsində istehsal imkanlarının artırılmasına yönəlib.

Dövlət Proqramının maliyyə təminatının əvvəlcədən müəyyənləşdirilməsi layihələrin icrası üçün mühüm əsas yaradır. Dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investisiyaların cəlb olunması nəzərdə tutulur. Bu yanaşma iri kapital tələb edən layihələrin mərhələli şəkildə həyata keçirilməsinə imkan verə bilər.

Dörd il ərzində görüləcək işlərin nəticələri Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin gələcək inkişaf istiqamətlərinə də təsir göstərəcək. Yeni yataqların aşkarlanması, sənaye parklarının inkişafı, emal güclərinin yaradılması və məşğulluğun artırılması qarşıdakı mərhələnin əsas nəticələri sırasında yer ala bilər. Dövlət Proqramı bu baxımdan Azərbaycanın qeyri-neft sənayesində yeni istehsal imkanlarının formalaşdırılması üçün müəyyən edilmiş konkret fəaliyyət çərçivəsi kimi çıxış edir.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button