
Dünyada mürəkkəb geosiyasi və dini cərəyanların cərəyan etdiyi bir vaxtda Azərbaycan həmrəylik və sülh adası olaraq diqqət mərkəzindədir. Sentyabrın 15-də Prezident İlham Əliyevin qəbul etdiyi nümayəndə heyətinin tərkibi – Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının təşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının rəhbərləri – ölkəmizin böyük mənəvi cazibə mərkəzi olduğunu təsdiqlədi. Prezident İlham Əliyev bu mötəbər tədbirlərin eyni vaxtda Bakıda keçirilməsini yüksək qiymətləndirərək, bu cür toplantıların həm Azərbaycan xalqı, həm Qafqaz, həm də Türk və İslam aləmi üçün müstəsna əhəmiyyət daşıdığını, dünyaya dostluq və barışıq mesajı verdiyini diqqətə çatdırdı.
Görüşdə Azərbaycanın intellektual və mənəvi irsinin nə qədər dərindən qorunduğunu nümayiş etdirən Prezident İlham Əliyev, Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirlərlə xalqımızın həmişə fəxr etdiyini bildirdi. Dövlət başçısı vurğuladı ki, XII əsrdən üzü bəri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi dühaların qoyduğu miras bütün müsəlman ümməti üçün qiymətli xəzinədir. Qədim Qafqaz Albaniyasının və Atabəylər dövlətinin tarixini xatırladan Prezident, Azərbaycanın Türk coğrafiyası ilə Qafqazı birləşdirən mərkəz olduğunu, ölkəmizin bu iki böyük məkanı qardaşlıq və sülh prinsipləri ilə bir-birinə sıx bağladığını fəxrlə bəyan etdi.
Prezident İlham Əliyevin çıxışında ən diqqətçəkən məqamlardan biri İslam həmrəyliyi uğrunda Azərbaycanın atdığı əməli addımlar oldu. Dövlət başçısı qeyd etdi ki, yalnız sözdə deyil, praktikada da İslam aləminin birliyinə xidmət edən Azərbaycan, İƏT və ICESCO çərçivəsində onlarla tədbirə ev sahibliyi edib. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünü xatırladan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın məqsədi müsəlman ölkələri arasındakı anlaşılmazlıqları aradan qaldırmaq, İslam dininə kənardan vurulan zərbələrin qarşısını almaq və müsəlman aləmini sarsılmaz bir ailə kimi birləşdirməkdir. O, dini liderlərin birgə səylərinin bu nəcib məqsədə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Tarixi ədalətin bərpası mövzusuna toxunan Prezident İlham Əliyev qonaqların Qarabağa edəcəkləri səfəri xüsusi önə çəkdi. O, 30 illik erməni işğalı zamanı xalqımızın məruz qaldığı etnik təmizləməni, Xocalı soyqırımını və Ermənistan dövlətinin məqsədyönlü şəkildə 65 məscidi dağıdaraq orada heyvan saxlamasını İslam dəyərlərinə edilmiş ən böyük təhqir adlandırdı. Lakin bu gün vəziyyətin tamamilə dəyişdiyini deyən dövlət başçısı vurğuladı ki, Azərbaycan güc amili və hərbi qəhrəmanlıq sayəsində öz torpaqlarını azad edib. Bu gün Qarabağda yenidən həyat qaynayır, şəhərlər və kəndlər bərpa olunur. Prezident İlham Əliyevin vurğuladığı kimi, qalib dövlət statusu və güclü iradə sayəsində xalqımız artıq əbədi olaraq öz dədə-baba torpaqlarında azad və firavan yaşayacaqdır.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini



