AnalitikaGündəmSiyasət

Qarabağda Zəfərin ən böyük nəticəsi – həyat

Zəfərin nəticələrini yalnız hərbi və siyasi hadisələrlə ölçmək mümkün deyil. Onun insan həyatında yaratdığı dəyişikliklər də mühüm göstəricidir. Qarabağda dağıdılmış yaşayış məntəqələrinin bərpası, yeni evlərin tikilməsi, insanların öz doğma torpaqlarına qayıtması və sosial infrastrukturun yaradılması Zəfərdən sonrakı mərhələnin əsas məzmununu təşkil edir. Dövlət suverenliyinin bərpasından sonra qarşıda duran əsas məsələlərdən biri də məhz davamlı və təhlükəsiz həyatın qurulmasıdır.

Bu proses artıq konkret layihələrlə müşayiət olunur. Xankəndi, Ağdərə və Xocalı ərazilərində bərpa, tikinti və idarəetmə xidmətinin yaradılması yaşayış fondunun qorunması, yeni evlərin tikintisinin təşkili və kommunal təsərrüfatın inkişafı kimi istiqamətləri əhatə edir. Xocalının Təzəbinə kəndində ailələrin qayıdışı isə bu siyasətin insan həyatında konkret nəticəyə çevrildiyini göstərir.

Böyük Qayıdışın mahiyyəti də məhz bundan ibarətdir: torpağın yalnız azad edilməsi deyil, həmin torpaqda həyatın yenidən qurulması. Evə qayıdan ailə, məktəbə gedən uşaq, fəaliyyət göstərən sosial obyekt, işləyən yol və bərpa olunan mədəniyyət məkanı bu prosesin ayrı-ayrı, lakin bir-birini tamamlayan hissələridir. Qarabağın gələcəyi bu komponentlərin birlikdə formalaşdırdığı yeni həyat üzərində qurulur.

Buna görə Qarabağda hər yeni ev, hər yeni məktəb və hər yeni yol Zəfərin başqa bir ifadəsidir. Hər bir tikili keçmişin dağıntılarından gələcəyin yaşayış məkanına keçidi simvolizə edir. Zəfərin ən böyük mənası insanların öz doğma torpaqlarında yenidən həyat qurmasıdır; Qarabağda bu həyat qurulduqca Zəfərin tarixi nəticələri də gündəlik reallığa çevrilir.

Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button