Gündəm

Bayrağın ucaldığı yerdə həyat yenidən qurulur

Dövlət bayrağı hər bir ölkənin suverenliyinin ən görünən rəmzlərindən biridir. Qarabağda Azərbaycan bayrağının ucaldılması ilə yanaşı, həmin ərazilərdə dövlət idarəçiliyinin və sosial həyatın bərpası üçün geniş quruculuq prosesi də başlayıb. Bu baxımdan bayrağın dalğalanması ilə yeni evlərin, yolların və məktəblərin tikilməsi bir-birindən ayrı proseslər deyil, dövlət suverenliyinin praktiki nəticələridir.

20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də bu məntiqə əsaslanır. Prezidentin sərəncamında 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edildiyi qeyd olunur. Bu tarixi mərhələdən sonra əsas məsələlərdən biri həmin ərazilərdə həyatın davamlı şəkildə qurulması və insanların doğma torpaqlarına qayıtmasıdır.

Qayıdışın real nəticələri artıq ayrı-ayrı yaşayış məntəqələrində görünür. Xocalının Təzəbinə kəndində ailələrin köçürülməsi, fərdi evlərin və sosial infrastrukturun yaradılması bunun konkret nümunəsidir. İnsanların öz evlərinə qayıtması bayrağın altında formalaşan yeni həyatın ən mühüm göstəricilərindən biridir.

Bayraq dövlətin rəmzidir, şəhər isə dövlətin gündəlik həyatının məkanıdır. Ona görə Qarabağda ucalan bayrağın yanında məktəb, xəstəxana, yol, ev və parkın olması dövlətçiliyin sosial məzmununu tamamlayır. Bayrağın ucaldığı torpaqda həyatın yenidən qurulması suverenliyin yalnız siyasi anlayış olmadığını, insanların gündəlik həyatında yaşayan dövlətçilik dəyəri olduğunu göstərir.

Fidan Əliyeva,

YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button