
Müasir beynəlxalq münasibətlər sistemində qlobal qeyri-sabitliyin, hərbi-siyasi qarşıdurmaların və iqtisadi böhranların dərinləşdiyi bir dövrdə regional sabitliyin qorunması həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atdığı addımlar xüsusi diqqət çəkir. Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin beşinci toplantısı və bu çərçivədə səsləndirilən strateji mesajlar Türk dünyasının təhlükəsizlik arxitekturasının yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
Dünyada qüvvələr balansının sürətlə dəyişdiyi, beynəlxalq hüququn tətbiq mexanizmlərinin zəiflədiyi bir mərhələdə Türk dövlətləri regional və qlobal miqyasda müstəqil güc mərkəzi kimi formalaşır. TDT-yə üzv ölkələrin coğrafi mövqeyi, malik olduqları təbii ehtiyatlar və nəqliyyat-kommunikasiya imkanları təşkilatın qlobal təhlükəsizlik sistemindəki rolunu artırır.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışında Prezident İlham Əliyev təhlükəsizlik məsələsinə xüsusi yer ayırıb. Dövlətimizin başçısı qeyd edib ki, “Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir.”
Türk dünyasının qarşılaşa biləcəyi ənənəvi və qeyri-ənənəvi təhdidlərə (kiberhücumlar, transsərhəd cinayətkarlıq, terrorizm və s.) qarşı mübarizədə təsisatlararası əlaqələrin gücləndirilməsi zəruridir. Bakı toplantısı göstərdi ki, daxili işlər nazirlikləri, baş prokurorluqlar, xüsusi xidmət orqanları və təhlükəsizlik şuraları xətti ilə təmaslar intensiv xarakter alıb. Bu əməkdaşlıq sadəcə məlumat mübadiləsi ilə məhdudlaşmır, həm də praktiki tədbirlərin görülməsini, ortaq təhlükəsizlik mühitinin formalaşdırılmasını təmin edir.
Ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Çıxışında İlham Əliyev qeyd edib: “TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir.”
Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı – həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir.
Türk Dövlətləri Təşkilatı heç bir dövlətə və ya bloka qarşı yönəlməyib, əksinə, sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin və qarşılıqlı etimadın təmin olunmasına xidmət edir. Bakıda keçirilən yüksək səviyyəli toplantı və səsləndirilən fikirlər bir daha sübut etdi ki, Türk dünyası ortaq dəyərlər ətrafında sıx birləşərək XXI əsrdə qlobal sabitliyin əsas qarantlarından birinə çevrilməkdədir.
Qasımova Aişə,
Nizami rayonunun fəal gənci, Bakı Dövlət Universitetinin tələbəsi



