AnalitikaDünyaGündəmSiyasət

“Əkinçi”dən rəqəmsal dövrə – Azərbaycan milli mətbuatı

22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının şərəfli tarixinin və bugünkü inkişafının təntənəsidir. Bu gün mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsinin 150 illiyini qeyd edirik. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” cəmi 56 sayla fəaliyyət göstərsə də, milli özünüdərkin, maarifçiliyin və azadlıq ideyalarının bayraqdarı oldu.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: _“Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”_

“Əkinçi”dən sonra “Ziya”, “Kəşkül”, “Həyat”, “Molla Nəsrəddin”, “Açıq söz” kimi nəşrlər milli mətbuatımızın ənənələrini zənginləşdirdi. Müstəqillik dövründə isə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə dövlət senzurasını ləğv etməsi və Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan mediasını keyfiyyətcə yeni mərhələyə çıxardı.

Bu gün Azərbaycan mətbuatı “Media haqqında” Qanun, Medianın İnkişafı Agentliyi və Media və Yayım Şurası ilə hüquqi və institusional bazasını möhkəmləndirib. 2023-cü ildən media subyektlərinə verilən vergi güzəştləri, jurnalistlər üçün güzəştli ipoteka hüququ mətbuat işçilərinin sosial müdafiəsinin bariz nümunəsidir.

Prezident İlham Əliyev qeyd edir: _“Mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır.”_

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində həqiqətlərin carçısı oldu. Şuşada keçirilən Qlobal Media Forumlar isə ölkəmizin beynəlxalq informasiya mübarizəsindəki mövqeyini nümayiş etdirdi. 2025-ci ildə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalının təsis olunması dövlətin bu sahəyə verdiyi yüksək qiymətin təzahürüdür.

150 illik şərəfli yol keçən milli mətbuatımız bu gün də dövlətçilik maraqlarını qoruyaraq, rəqəmsallaşma, süni intellekt və dezinformasiyaya qarşı mübarizə çağırışlarına cavab verir.

Mətanət Mustafayeva,
Neft Kəmərləri İdarəsinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button